ABŞ İrana nüvə zərbəsi vursa, dünya necə dəyişər? - Xəzər dənizi böyük TƏHLÜKƏDƏ


ABŞ və İsrailin İrana qarşı müharibəsinin başlamasından bir ay sonra gərginlik elə həddə çatıb ki, bir çox analitiklər artıq yaxın vaxtlara qədər ağlasığmaz sayılan ssenariləri ciddi şəkildə müzakirə etməyə başlayıblar. ABŞ administrasiyasının təkcə quru əməliyyatı deyil, həm də kütləvi qırğın silahlarının tətbiqi variantlarını nəzərdən keçirdiyi barədə xəbərlər artıq heç kimi təəccübləndirmir.

ABŞ ilə İran arasında qarşılıqlı zərbələrin fonunda ekspertlər arasında getdikcə daha çox belə bir sual səslənir: eskalasiya ilə fəlakət arasındakı sərhəd haradadır? Vaşinqton yalnız Yaxın Şərq münaqişəsinin deyil, həm də bütün müasir tarixin gedişini dəyişə biləcək bir addım atmağa qərar versə, nə baş verəcək?

Söhbət yalnız hərbi nəticələrdən deyil, həm də radiasiya ilə çirklənmə, ekoloji kollaps və qlobal iqtisadi böhran ehtimalından gedir. Bu məsələlər barədə Rusiyanın Strateji Araşdırmalar Mərkəzinin keçmiş əməkdaşı, nüvə çəkindirməsi və kütləvi qırğın silahlarının tətbiqinin ekoloji nəticələri üzrə mütəxəssis olan Aleksandr Volkov mediaya müsahibə verib. O, radioaktiv maddələrin ətraf mühitdən nə qədər müddətə sovrulacağını və İranın buna necə cavab verə biləcəyini izah edib.

– Aleksandr, gəlin birbaşa əsas məsələyə keçək: əgər ABŞ həqiqətən İrana qarşı nüvə silahı tətbiq etsə, bu, Xirosima və Naqasakiyə bənzəyəcəkmi?

- Xarici baxımdan Xirosima və Naqasakiyə bəlkə də oxşar görünə bilər. Amma mahiyyət etibarilə bu, tamamilə fərqli bir reallıq olacaq. 1945-ci ildə 15–20 kiloton gücündə bombalardan istifadə olunurdu. Bu gün isə ABŞ arsenalında tənzimlənən gücə malik sursatlar var və əgər söhbət dərin yeraltı nüvə obyektlərinin zərərsizləşdirilməsindən gedirsə, o zaman çox güman ki, yerə nüfuz edən və yerin altında partlayan, nüvə başlıqlı “bunker” tipli sursatlardan istifadə ediləcək. Və burada Xirosimadan əsas fərqlər başlayır.

Yeraltı nüvə partlayışı zamanı əsas enerji torpağa yönəlir. Güclü seysmik zərbə, lokal zəlzələ, böyük həcmdə parçalanmış süxurların səthə atılması və “atılma krateri”nin yaranması baş verir. Hamının xronikal kadrlardan tanıdığı klassik göbələk formalı bulud əvəzinə, torpaq, daş, buxarlanmış süxur və parçalanma məhsullarından ibarət radioaktiv bulud yaranır.

Əgər obyekt dağlıq ərazidə yerləşirsə, hansı ki, İranın bir çox nüvə obyektləri, məsələn, Fordo kimi, qayalı massivlərdə qurulub, bu zaman partlayış bütöv yamacların uçmasına səbəb ola və bir neçə kilometr radiusda hər şeyi torpaq altında qoya bilər. Amma əsas məsələ bu deyil. Əsas məsələ ondan ibarətdir ki, bu cür çirklənmə onilliklər boyu qalacaq.

– Təbii fon nə dərəcədə dəyişəcək? Axı radiasiya yalnız partlayış yerində olmur?

– Hər şey zərbənin hansı hədəflərə və hansı sursatla endiriləcəyindən asılıdır. Əgər söhbət dərinlikdə baş verən yeraltı partlayışdan gedirsə, radioaktiv məhsulların əsas hissəsi partlayış boşluğunda, ərimiş süxurun içində “möhürlənmiş” şəkildə qalır. Amma bunker dayaz yerləşirsə və ya partlayış qismən səthə çıxışla baş verirsə, o zaman atmosferə çox böyük həcmdə radioaktiv toz qalxır.

Küləklər həmin regionda əsasən qərbdən şərqə, yəni Aralıq dənizi tərəfdən Əfqanıstan və Pakistan istiqamətinə doğru əsir. Əgər partlayış İranın mərkəzi və ya qərb hissəsində baş versə, əsas radioaktiv bulud Hindistan istiqamətinə yönələcək.

Partlayışın gücündən və buludun hansı hündürlüyə qalxmasından asılı olaraq, radioaktiv hissəciklərin bir qismi Rusiyanın cənub bölgələrinə, Dağıstan, Çeçenistan, Kalmıkiya və Astraxan vilayətinə çata bilər. Xüsusilə də partlayışlar bir neçə dəfə və fərqli vaxtlarda, küləyin müxtəlif istiqamətlərdə olduğu şəraitdə baş versə. Bundan əlavə, Xəzər dənizinin çirklənməsi riski də var.

Əgər zərbə İranın şimalında, Xəzər sahilinə yaxın obyektlərə dəysə, radioaktiv yağıntılar birbaşa dənizə düşə bilər. Xəzər qapalı su hövzəsidir və radionuklidlər illərlə orada yığılaraq balıqlara, oradan isə qida zəncirinə keçəcək. Bu vəziyyətdən Rusiya, Azərbaycan, Qazaxıstan və Türkmənistan əhalisi zərər görəcək. Bu ani fəlakət deyil, amma nəticələri onilliklərlə ölçüləcək uzunmüddətli ekoloji zərbədir.

– Deməli, radiasiya Rusiyaya təhlükəli miqdarda çatmayacaq?

- Rusiya üçün daha ciddi risk radiasiya deyil, geosiyasi və hərbi nəticələrdir. ABŞ-ın İrana qarşı nüvə zərbəsi nüvə çəkindirmə məntiqini tam dəyişdirən presedent olacaq. Rusiya nüvə dövlətinin qeyri-nüvə dövlətinə qarşı nüvə silahı tətbiq etdiyi bir vəziyyətlə üz-üzə qalacaq. Bu isə 1970-ci illərdən bəri qurulan təhlükəsizlik sistemini sarsıdır. Rusiyanın cavab addımları, Suriyada, strateji sabitlik məsələlərində, öz nüvə doktrinasının yenidən nəzərdən keçirilməsində sərt və proqnozlaşdırılması çətin olacaq. Artıq hipotetik deyil, real bir silahlanma yarışının başlandığını və nüvə çəkindirməsinin “qarşılıqlı zəmanətli məhv” modelindən “preventiv tətbiq” modelinə keçdiyini görə bilərik. Bu isə bəşəriyyətin hələ yaşamadığı bir dünya deməkdir.

– Radiasiya nə qədər müddətə sovrulacaq?

– Bu, konkret ərazidən asılıdır. Əgər yeraltı partlayışın baş verdiyi nöqtədən, yəni krater və tullantı zonası olan episentrdən danışırıqsa, orada radiasiya səviyyəsi ilk həftələr ərzində insan üçün ölümcül olacaq. Bir neçə aydan sonra xüsusi qoruyucu vasitələrlə həmin əraziyə daxil olmaq mümkün ola bilər, lakin daimi yaşayış yalnız onilliklər keçdikdən sonra mümkün olacaq. Əgər partlayış yerüstü və ya havada baş verərsə, o zaman episentr ətrafındakı təcrid zonası, şərti olaraq onlarla kvadratkilometr ərazi sursatın gücündən və quruluşundan asılı olaraq 5 ildən 30 ilə qədər yaşayış üçün yararsız qalacaq.

Amma çox vaxt unudulan daha bir amil var. Nüvə obyektlərinə nüvə zərbəsi endirilməsi artıq mövcud olan nüvə materiallarının da partlaması riskini yaradır. Əgər obyektdə zənginləşdirilmiş uran və ya işlənmiş yanacaq saxlanılırsa, adi nüvə partlayışı əlavə radioaktiv çirklənməyə təkan verə bilər. Bu çirklənmə miqyas etibarilə Çernobıl sızıntısı ilə müqayisə oluna bilər, amma daha məhdud ərazidə cəmlənmiş şəkildə. Bu artıq “təmiz” nüvə silahı deyil, hərbi və mülki radioaktiv mirasın birləşməsidir. Belə zonalar isə yüzilliklər boyu təhlükəli qala bilər.

– Bəs ümumilikdə nə baş verəcək? İran cavab verəcəkmi?

– Burada başa düşmək lazımdır ki, nüvə zərbəsi geri dönüşü olmayan nöqtədir. ABŞ hətta kiçik gücə malik taktiki nüvə sursatını sırf hərbi obyektə qarşı tətbiq etsə belə, dünya yeni bir reallığa daxil olacaq. Birincisi, bu, 1945-ci ildən sonra nüvə silahının ilk döyüş tətbiqi olacaq. Bunun psixoloji və siyasi təsiri son dərəcə böyük olacaq. Bütün təminatlar, bütün yayılmama normaları dağılacaq.

İkincisi, İranın cavabı. İranın nüvə silahı ən azı rəsmi şəkildə təsdiqlənmiş formada yoxdur, amma onun güclü raket arsenalı və bütün Yaxın Şərq boyunca proksi qüvvələr vasitəsilə asimmetrik cavab vermək imkanları var. Əgər ABŞ nüvə zərbəsi endirsə, İran çox böyük ehtimalla Qətər, Bəhreyn, Küveyt, İraq və Suriyadakı Amerika bazalarına yüzlərlə ballistik və qanadlı raket buraxacaq. İsrail, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri də zərbə altında qalacaq.

Fars körfəzinin neft infrastrukturlarına kütləvi hücum ediləcək. Neftin qiyməti bir barel üçün 400–500 dollara qədər qalxa bilər, amma məsələ təkcə qiymətlərdə deyil, bölgədən ixrac faktiki olaraq dayanacaq. Bu isə qlobal iqtisadi kollaps deməkdir. Bundan əlavə, İranın ABŞ müttəfiqlərinin mülki infrastrukturuna zərbələr endirəcəyini də istisna etmək olmaz. Müharibə artıq “nöqtəvi” xarakter daşımayacaq. O, əvvəlcə regional, sonra isə iqtisadi nəticələrə görə qlobal müharibəyə çevriləcək.

– Belə bir ssenarinin ehtimalı nə qədərdir?

– Mən deyərdim ki, məhz nüvə zərbəsi ehtimalı yüksək deyil. Çünki ABŞ administrasiyası sərt ritorikaya baxmayaraq, sadalanan bütün nəticələri anlayır.

Amma istisna edilə bilməz ki, adi hərbi əməliyyatlar uğursuz olarsa, ABŞ itkilər verərsə və İranın nüvə obyektləri adi sursatlarla zərərsizləşdirilməsə, nüvə variantı “yeganə çıxış yolu” kimi təqdim oluna bilər. Bu, ən ekstremal ssenaridir. Amma hazırkı geosiyasi şəraitdə, Vaşinqtonla Tehran arasında kommunikasiya xətlərinin demək olar ki, olmadığı və tərəflərin birbaşa hərbi qarşıdurma vəziyyətində olduğu bir zamanda, təsadüfi və ya qəsdən nüvə həddinə qədər eskalasiya riski Soyuq müharibədən sonrakı istənilən dövrlə müqayisədə daha yüksəkdir. Əsas problem ondadır ki, heç kim nüvə silahının “ağlasığmaz” olmaqdan çıxıb alətə çevrildiyi o qırmızı xəttin harada yerləşdiyini bilmir. Və görünür, bugünkü vəziyyətdə ən təhlükəli məqam da məhz budur./lent.az


MANŞET XƏBƏRLƏRİ