Əkrəm İmamoğlunun İstanbul meri vəzifəsindən uzaqlaşdırılmasından sonra barəsində aparılan korrupsiya istintaqı başa çatıb və 2025-ci il noyabrın 11-də 3809 səhifəlik ittiham aktı hazırlanıb.
Turkustan.az xəbər verir ki, ittihamnamədə İmamoğlu cinayət təşkilatının lideri kimi göstərilir. İstanbul Böyükşəhər Bələdiyyəsinə (İBB) qarşı 402 təqsirləndirilən şəxsin iştirak etdiyi və 105-nin həbsdə olduğu korrupsiya məhkəməsinin beşinci günündə İmamoğlu və digər təqsirləndirilən şəxslər hakim qarşısına çıxıblar.
Məhkəmə zalına vəkil xalatında gələn Turan Taşkın Özər (CHP İstanbul millət vəkili) auditoriya hissəsinə keçməsi istənilib. Özər hərəkət etməkdən imtina etdikdən sonra onunla sədrlik edən hakim arasında mübahisə yaranıb və nəticədə iclasa fasilə verilib. Daha sonra məhkəmə iclası sabaha qədər təxirə salınıb.
İddia olunur ki, İmamoğlu 142 ayrı əməl üzrə təqsirləndirilir və 828 il 2 aydan 2352 ilədək həbs cəzası ilə üzləşə bilər.
İş üzrə ilk məhkəmə iclası martın 9-da keçirilib. Ötən həftə baş tutan dinləmələrdə həbsdə olan şübhəlilər — Aykut Erdoğdu, Sırrı Küçük, Ümit Polat və Bulut Aydöner — müdafiə çıxışları ediblər.
Cümə günü dinləmə keçirilməsə də, həftədə dörd gün davam edən məhkəmə prosesinin ikinci həftəsi bu gün başlayıb.
Aytən Yaşar/ Turkustan.az