Ankaranın sülh planı: ABŞ razı imiş, İran "yox" deyib


Tramp Ankaranın sülh təşəbbüsünü dəstəklədi, Pezeşkian isə rədd etdi. Ankara ABŞ ilə İran arasında mümkün müharibənin qarşısını almaq üçün dəfələrlə təşəbbüs göstərib, lakin Tehran Vaşinqtondakı siyasi atmosferi düzgün qiymətləndirmir.

Turkustan.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan bu gün yerli mediaya açıqlamasında bildirib.

H. Fidan qeyd edib ki, dialoqun bərpası istiqamətində ilk addımlar yanvarın 27-də Prezident Rəcəb Tayyib Ərdoğan ilə ABŞ Prezidenti Donald Tramp arasında baş tutmuş telefon danışığından sonra atılıb. Onun sözlərinə görə, Ərdoğan Tramp və İran Prezidenti Məsud Pezeşkian arasında üçtərəfli videokonfrans keçirilməsini təklif edib. Vaşinqton bu təşəbbüsü qəbul etsə də, Tehran onu rədd edib.

“Əgər İran tərəfi üçtərəfli görüş təklifini qəbul etsəydi, bu, dönüş nöqtəsi ola bilərdi. Çünki biz bilirdik ki, danışıqlar prosesi sona yaxınlaşırdı və vəziyyəti dəyişə biləcək qəti müdaxilə tələb olunurdu”, – deyə Fidan vurğulayıb.

Fidan əlavə edib ki, fevral ayında ABŞ-İran qarşıdurması ətrafında atmosfer son dərəcə gərgin idi.

"Həmin dövrdə Ankara ilə Vaşinqton arasında təmaslar zamanı ABŞ İrana zərbə endirilməsi qərarının astanasında idi. Bütün təmaslarda söhbət müharibədən, qaçılmaz hücumdan gedirdi”, – deyə o bildirib.

Fidan, Tramp ilə Ərdoğan arasında telefon danışığından üç gün sonra İstanbulda İranın xarici işlər naziri Abbas Araqçi ilə görüşdüyünü qeyd edib. O bildirib ki, amerikalılar iranlılarla dörd məsələni müzakirə etmək istəyirdilər, lakin Tehran bu təklifi də qəbul etməyib.

Nazir əlavə edib ki, bundan sonra iranlılar əvvəlki formata qayıdaraq Türkiyə, Qətər, Səudiyyə Ərəbistanı, BƏƏ, Misir və İordaniya kimi regional ölkələrin vasitəçiliyini rədd ediblər və ikitərəfli danışıqlar üçün Omanı seçiblər.

Omanda keçirilən bir neçə raunddan sonra, fevralın 27-də Fidan prosesin müsbət istiqamətdə getmədiyini anladığını deyib. “Mənim fikrimcə, əgər iranlılar Prezident Trampın təzyiqini düzgün qiymətləndirib bəzi təklifləri qəbul etsəydilər, müharibə riski azala bilərdi”, – deyə Fidan yekunlaşdırıb./modern.az


MANŞET XƏBƏRLƏRİ