Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu ABŞ-nin Ermənistanda kiçik modul reaktorlar (SMR) tikmək planlarından narahatlığını bildirib.
Şoyqu deyib:
“Əgər Ermənistanda ABŞ texnologiyasından istifadə edərək kiçik reaktorların tikintisi praktiki mərhələyə keçərsə, biz, regiondakı bütün dövlətlər kimi, eləcə də Ermənistan xalqının özü yeni nüvə təhlükəsizliyi risklərini nəzərdən keçirməli olacağıq”.
Bu, Rusiyanın nüvə təhlükəsizliyini bəhanə edib Ermənistana hərbi müdaxilə üçün zəmin yaratmağa başlaması hesab oluna bilərmi?

Politoloq Qabil Hüseynli Musavat.com-a bildirib ki, Sergey Şoyqunun açıqlaması ilk baxışdan “nüvə təhlükəsizliyi” kontekstində səslənsə də, məsələ daha çox geosiyasi rəqabət prizmasından qiymətləndirilməlidir:
“Şoyqunun bəyanatı ABŞ-nin Ermənistanda kiçik modul reaktorlar tikmək planlarına qarşı açıq siyasi siqnal kimi qiymətləndirilə bilər. Ermənistan hazırda Rusiyanın texnoloji və yanacaq təminatından asılı olan Metsamor AES-lə enerji istehsal edir. Stansiyanın istismar müddətinin uzadılması və modernizasiyası məhz Rusiya tərəfindən həyata keçirilib. Şoyqu təcrübə deyərkən həm də buna işarə edir. Əgər İrəvan ABŞ texnologiyalı SMR layihəsinə keçərsə, bu, enerji sektorunda Rusiyadan asılılığın azalması, ABŞ və Qərblə daha da strateji yaxınlaşma, Rusiya təsirinin zəifləməsi demək olacaq. Rusiya bundan narahatdır. Ermənistan məsələni Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) nəzarəti altında reallaşdırarsa, Rusiyanın nüvə bəhanəsi ilə müdaxilə imkanları əlindən alınmış ola bilər. Şoyqunun bəyanatı daha çox “Biz regionda strateji infrastruktur dəyişikliklərini diqqətlə izləyirik” mesajıdır.
Hazırkı şərtlərdə birbaşa hərbi müdaxilə ehtimalı yoxdur. Nə zamansa müdaxilə etmək qərarı versə, onsuz da Ermənistan ərazisində Rusiya hərbi bazası mövcuddur. İndiki mərhələdə bu bəyanatı hərbi müdaxiləyə hazırlıqdan çox siyasi təzyiq və xəbərdarlıq ritorikası kimi qiymətləndirmək daha düzgün olar”.