İran: ABŞ danışıqlar öncəsi dörd şərt irəli sürdü və hücumla hədələdi


İran İnqilab Keşikçiləri Korpusunun siyasi məsələlər üzrə komandir müavini vəzifəsini icra edən Əziz Qəzənfəri bildirib ki, ABŞ Oman danışıqlarından əvvəl İrana dörd şərt təqdim edib və bu şərtlər qəbul edilmədiyi təqdirdə hücumla hədələyib.

Turkustan.az xəbər verir ki, Qəzənfəri İnqilab Keşikçiləri ilə əlaqəli olan “Sobh-e Sadıq” (“Əsl Səhər”) jurnalında dərc olunmuş məqaləsində Omanda İran və ABŞ nümayəndə heyətləri arasında aparılan dolayı danışıqlara dair qiymətləndirməsini bölüşüb.

Qəzənfəri vurğulayıb ki, İran bu təhdidlər və psixoloji müharibə qarşısında geri çəkilməyib.

Qəzənfəri qeyd edib ki, ABŞ İranın müdafiə qabiliyyətini danışıqlar mövzusuna çevirmək istəsə də, Tehran bunu qəti şəkildə rədd edib. O bildirib ki, İran müdafiə potensialını danışıqlar predmeti hesab etmir və danışıqlara baxmayaraq hərbi hazırlıq və tədbirləri davam etdirəcək.

Qəzənfərinin sözlərinə görə, Omandakı danışıqların ümumi çərçivəsi ABŞ-ın irəli sürdüyü şərtlərə deyil, İranın mövqeyinə uyğun olaraq formalaşıb və danışıqlar yalnız nüvə məsələləri ilə məhdudlaşıb.

O, həmçinin vurğulayıb ki, ABŞ ilə danışıqları aparan İran nümayəndə heyəti İran Ali Milli Təhlükəsizlik Şurasının müəyyən etdiyi siyasətlər çərçivəsində fəaliyyət göstərir və bu səbəbdən danışıqlar qrupuna etibar edilməlidir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ