Makron Epşteyn işi ilə bağlı çağırış etdi: Həqiqət üzə çıxmalı, ədalət işləməlidir


Fransa prezidenti Emmanuel Makron hesab edir ki, Ceffri Epşteyn işi üzrə həqiqət tam şəkildə üzə çıxmalı və Amerika ədalət sistemi öz işini müstəqil şəkildə görməlidir.

Turkustan.az xəbər verir ki, Makron bu fikirləri bazar ertəsi günü “Wine Paris” sərgisini ziyarət edərkən jurnalistlərə açıqlamasında səsləndirib.

Makron bildirib:
“Həqiqət üzə çıxmalı və ədalət öz işini görməlidir. Görürəm ki, bu iş eyni zamanda müxtəlif sui-qəsd nəzəriyyələrini də gücləndirir. Ona görə də açıqlanan məlumatlara əsaslanaraq ciddi və peşəkar jurnalist araşdırmasına ehtiyac var”.

O, Epşteynin fəaliyyət dairəsinin geniş olduğunu vurğulayaraq qeyd edib ki, bu iş hazırda ədliyyə sisteminin sakit, müstəqil və təzyiqdən kənar fəaliyyətini tələb edir.

“Onun çox geniş bir sistem qurduğu açıq-aşkardır və bu sistemin araşdırılması yalnız müstəqil məhkəmə prosesi ilə mümkün ola bilər”, – deyə Makron əlavə edib.

Fransa prezidenti eyni zamanda qurbanlara dair məlumatların ictimaiyyətə açıqlanmasından narahatlığını ifadə edib.

“Düşüncələrim ilk növbədə qurbanlarla bağlıdır. Onlar haqqında çoxlu məlumatın açıq şəkildə yayılması onların yenidən travma yaşamasına səbəb ola bilər”, – deyə o bildirib.

Qeyd edək ki, ABŞ Ədliyyə Nazirliyi tərəfindən yayımlanan sənədlərdə adlar və cinsi xarakterli materiallar yer alır ki, bu da işdə qurbanların şəxsiyyətinin müəyyənləşdirilməsinə imkan verir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ