Türkiyə Milli Kəşfiyyat İdarəsinin (MİT) direktoru İbrahim Kalın bu gün İstanbulda HƏMAS-ın Siyasi Bürosunun Danışıqlar üzrə Nümayəndə Heyətinin rəhbəri Xəlil Hayye və onu müşayiət edən HƏMAS nümayəndə heyəti ilə görüşüb.
Turkustan.az xəbər verir ki, görüşdə ikinci mərhələsinə qədəm qoyan Qəzza Sülh Planı müzakirə olunub.
Görüş zamanı hər iki nümayəndə heyəti humanitar yardımın artırılması, Rəfah sərhəd keçid məntəqəsinin hər iki istiqamətdə açılması, Qəzza İdarəetməsi üzrə Milli Komissiyanın (NCAG) fəaliyyətinə başlanması və digər məsələlər üzrə məsləhətləşmələr aparmaq barədə razılığa gəliblər.
HƏMAS nümayəndə heyəti həmçinin Türkiyənin Qəzzada sülhə nail olmaq üçün vasitəçilik və zəmanət səylərinə, eləcə də Türkiyənin Qəzza Sülh Planının ikinci mərhələsində getdikcə daha çox diqqət çəkən roluna görə Prezident Rəcəb Tayyib Ərdoğana minnətdarlıqlarını bildiriblər.
Aytən Yaşar/ Turkustan.az