Rusiyanın 3-4-dən çox "Oreshnik" raketi yoxdur - Ukrayna


Rusiyanın hazırda 3–4 ədəddən artıq “Oreshnik” raketinə sahib olmadığı bildirilir.

Turkustan.az xəbər verir ki, bu barədə Ukrayna Xarici Kəşfiyyat Xidmətinin birinci müavini Oleq Luhovski müsahibəsində açıqlama verib.

Onun sözlərinə görə, Rusiya Müdafiə Nazirliyi “Oreshnik” raketlərini 2026-cı ildə seriyalı istehsala buraxmağı və ildə beş və ya daha çox raket istehsal etmək imkanına sahib olmağı planlaşdırır.

Luhovski Ukraynanın bu vəziyyətdən nə gözləməli olduğu sualına cavab verərkən qeyd edib ki, “Oreshnik” raketi hərbi baxımdan deyil, daha çox siyasi məzmun daşıyır.

O bildirib ki, bu silah ilk növbədə Avropadakı tərəfdaşları qorxutmaq məqsədi daşıyır və onun real döyüş effektivliyi şübhə altındadır. Luhovskinin sözlərinə görə, “Oreshnik” ötən əsrin texnologiyaları əsasında hazırlanıb, daimi texniki xidmət tələb edir və tez-tez nasazlıqların aradan qaldırılmasına ehtiyac duyur.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ