“Yaşıl kart” istəyənlərə “qırmızı kart” - Tramp "qızıl kart" tərəfdarıdır


Xəbər verildiyi kimi, ABŞ prezidenti Donald Tramp Asiya, Afrika və Latın Amerikasındakı 20 ölkədən olan immiqrantlarına “yaşıl kart” (“qrin-kart”) verilməsi məsələsinin nəzərdən keçirilməsini əmr edib.

Bu, o deməkdir ki, Tramp administrasiyası bu ölkələrdən olan və ABŞ-də yaşayıb-işləmək istəyən mühacirlər üçün öz qapı-pəncərəsini bağlamaq fikrindədir.

Həmin ölkələr aşağıdakılardır: Banqladeş, Braziliya, Kanada, Çin (Honkonq da daxil olmaqla), Kolumbiya, Dominikan Respublikası, Salvador, Haiti, Honduras, Hindistan, Yamayka, Meksika, Nigeriya, Pakistan, Filippin, Cənubi Koreya, Venesuela, Vyetnam, Makao, Tayvan.

Bu siyahıda Hindistan, Çin, Pakistan, Banqladeş, Braziliya və Meksika kimi ölkələrin olması anlaşılandır. Əhalilərinin sayı 150 milyon - 1.5 milyard arasında olan bu ölkələrdən hər il on minlərlə mühacir müxtəlif yollarla “amerikalı” olmaq istəyir və ABŞ-da hesab edirlər ki, onların sayı hazırda Amerika ərazisində çoxdur.

Dominikan, Haiti, Yamayka və Kolumbiyadan olan mühacirlər isə ABŞ cəmiyyətinə inteqrasiya edə bilmirlər, öz ölkələrində necə yaşayıblarsa, elə yaşamaq istəyir, kriminogen durumu daha da gərginləşdirirlər, ona görə də ABŞ-də sevilmirlər.

Ancaq siyahıda Kanada, Cənubi Koreya və Tayvan kimi müttəfiqlərin olmasının başqa səbəbləri ola bilər. Görünür, son illərdə həmin ölkələrdən ABŞ-yə axın ifrat həddə çatıb.

ABŞ Vətəndaşlıq və İmmiqrasiya Xidmətləri Trampın belə bir əmr verdiyini təsdiqləyib. İyunda verilən sərəncamda 12+7 ölkənin vətəndaşlarının ölkəyə girişi məhdudlaşdırılırdı.

qrin-1.JPG (59 KB)

Hazırda ABŞ dövləti tərəfindən belə izahat verilir ki, bu addım iki gün öncə Ağ Evin yaxınlığında milli qvardiya əməkdaşlarına edilən hücumla bağlı olub. Həmin işdə şübhəli şəxs Əfqanıstan vətəndaşı olsa da, “qrin kart” sanksiyasına düşəcək ölkələrin arasında Əfqanıstan yoxdur. Demək, milli qvardiyaçılara hücum bəhanədir, sadəcə, köhnə sərəncamı aktuallaşdırıb.

ABŞ-nin illərdir tətbiq etdiyi “yaşıl kart” siyasəti başqa ölkələrdən olan mühacirlərə Birləşmiş Ştatlar ərazisində yaşamaq, işləmək və təhsil almaq hüququ verir. Ancaq “yaşıl kartı” olanlar bu ölkədə seçkilərdə iştirak edə, səs verə və ya dövlət vəzifəsi tuta bilməzlər. Əvəzində onların başqa hüquqları da var: səyahətə çıxmaq, keyfiyyətli səhiyyə və dövlət müavinətlərindən istifadə etmək və müəyyən bir yaşayış müddətindən sonra (5 il və ya ABŞ vətəndaşı ilə evlidirsə 3 il) vətəndaşlıq üçün müraciət etmək. Bu imtiyazlar onlara bəsdir. Çünki öz ölkəsində seçkilərdə iştirak etməyən və dövlət vəzifəsi tuta bilməyənlərin ABŞ-də seçib-seçilmək və vəzifə tutmaq kimi bir dərdi olmur.

“Qızıl yaşıl kart” isə varlı adamlar üçündür. Onlar ölkəyə çoxlu pul gətirdiklərindən, ABŞ iqtisadiyyatına investisiya qoymaq imkanına malik olduqlarından belə bir ayrıcalığa malikdirlər. Belələri “yaşıl kart” lotereyasında iştirak etmirlər, pullarını verir, “yaşıl kart”larını alır, ABŞ-yə köçür, lüks həyatlarını yaşayırlar. Bu onlara ən azı 500.000 dollara başa gəlir.

Bu vaxta qadər ABŞ-də hər il təxminən 55.000 “yaşıl kart” vizası nəzərdə tutulub. Dünyanın 200-ə yaxın ölkəsində hər il yüz minlərlə adamın iştirak etdiyi lotereyada “yaşıl kart” udmaq şansı az olsa da, bu yol “amerikalı” olmağın ən asan və qanuni yolu hesab olunur. Hər il bütün dünyadan 100 min civarında şanslı adam öz arzusuna çatır (“yaşıl kart” udan adam həyat yoldaşını da özü ilə bərabər ABŞ-yə apara bilər).

qrin-2.JPG (74 KB)

Trampın prezidentliyinin birinci dövründə immiqrantlara qarşı mənfi mövqedə olduğunu xatırlatmaq artıq olar. Bu adamın iki böyük problemindən biri məhz immiqrantlardır. O, “gəlmələr”i ABŞ üçün potensial təhlükə hesab edir və xeyli dərəcədə haqlıdır.

Latın Amerikası ölkələrindən gələn mühacirlərin böyük əksəriyyəti ABŞ-də hər cür pis əməllər törədirlər. Kriminal statistika bunu çılpaqlığı ilə göstərir. Ona görə də indiki administrasiya düşünür ki, yüz bir əziyyətlə, böyük zəhmətlə abad, firavan ölkəyə çevrilmiş ABŞ digər ölkələrdən axışan milyonlarla mühacirin ayaqaltı etdiyi məkana çevrilməsin.

İndilikdə Azərbaycan vətəndaşları üçün “yaşıl kart” əldə etmək məhdudiyyəti yoxdur. Ancaq bu gedişlə, ola bilər, ABŞ “yaşıl kart” verməyini qeyri-müəyyən müddətə dondursun, diqqətini “qızıl yaşıl kart” istəyənlərə versin. Çünki onlar ABŞ-yə pul gətirirlər. /musavat.com/


MANŞET XƏBƏRLƏRİ