"Ermənistan Baş naziri Nikol Paşinyanın erməni toplumunu sülhə hazırlamasının, revanşistlərlə mübarizəsinin nə dərəcədə effektli olacağını söyləmək çətindir".
Bu barədə politoloq İlqar Vəlizadə Bakıvaxtı.az-a açıqlamasında deyib.
Ekspert bildirib ki, hər halda Paşinyan müxtəlif metodlarla buna cəhd göstərir:
"Baş nazir ölkədə baş verən prosesləri, rəqiblərin psixoloji durumunu, müxalifətin sosial bazasını daha yaxşı bilir. Görünür, məhz ona görə bu cür üsullardan istifadə edir, xalq arasında sülhün lehinə, müxalifətin əleyhinə təbliğatını aparır".
Müsahibimiz vurğulayıb ki, 2026-cı ildə keçiriləcək parlament seçkiləri yaxınlaşdıqca N.Paşinyan hökumətinə qarşı çıxanların sayı çoxalır:
"Ancaq məsələ ondadır ki, Paşinyana qarşı müxalif olanlar onun siyasi rəqiblərinə, revanşistlərə də inanmırlar, etimad etmirlər. Yəni Paşinyanı bəyənməyən müəyyən siyasi qruplar Koçaryan-Sarkisyan cütlüyünü təmsil edən qüvvələrə də qətiyyən inanmırlar".
Analitik deyib ki, Baş nazir toplumun müxalifətə inanmamasından öz xeyrinə istifadə edir:
"Paşinyan öz ritorikasını vəziyyətə uyğun formalaşdırır. Paşinyan ilk növbədə çalışdığı o deyil ki, xalq Baş nazirə rəğbət bəsləsin, onun siyasi platformasını birmənalı dəstəkləsinlər. Baş nazirin əsas məqsədi odur ki, Rusiyayönümlü müxalifətin, revanşistlərin xalq arasında onsuz da az olan etimadını, dəstəyini tamamilə yox etsin. Bununla da revanşistlərin hakimiyyətə gəlməsinin önünü kəssin. Paşinyanın fəaliyyətinin nə dərəcədə müsbət nəticə verəcəyini seçkinin nəticələri göstərəcək".