Bazar günü axşam ABŞ Senatı federal hökumətin yenidən fəaliyyətə başlamasına və 40 günlük bağlanmanı dayandırmağa yönəlmiş qanun layihəsi üzərində irəliləyiş əldə edib.
Turkustan.az verir ki, prosessual səsvermədə senatorlar 2026-cı il yanvarın 30-dək hökumətin maliyyələşdirilməsini nəzərdə tutan və Nümayəndələr Palatası tərəfindən düzəliş edilmiş qanun layihəsini təsdiqləyiblər. Bu sənəd il boyu üç təxsisat (büdcə) qanun layihəsini əhatə edəcək. Səsvermənin nəticəsi 60-40 olub.
Əgər Senat düzəliş edilmiş qanun layihəsini yekun olaraq təsdiqləsə, sənədin qüvvəyə minməsi üçün o, yenidən Nümayəndələr Palatasında təsdiqlənməli və daha sonra Prezident Donald Trampın imzasına göndərilməlidir. Bu proses bir neçə gün çəkə bilər.
Məlumata görə, Demokratlarla əldə olunan razılaşma çərçivəsində Respublikaçılar dekabr ayında səhiyyə subsidiyalarının uzadılmasına səs verməyə razılaşıblar. Aztəminatlı amerikalıların özəl tibbi sığortadan yararlanmasına kömək edən və ilin sonunda müddəti bitəcək bu subsidiyalar Demokratlar üçün maliyyələşmənin bərpası uğrunda mübarizədə əsas prioritet sayılır.
Aytən Yaşar/ Turkustan.az