Ukrayna ordusunun son həftələrdə Rusiyanın enerji infrastrukturuna endirdiyi ardıcıl zərbələr Kreml üçün ciddi böhrana çevrilməkdədir.
Turkustan.az xəbər verir ki, son 45 gün ərzində 12 iri neft emalı zavoduna ümumilikdə 17 zərbə endirilib. Bu zavodlar Rusiyanın ümumi emal gücünün 42 faizini təşkil edir. Bu isə o deməkdir ki, Moskvanın həm daxili yanacaq bazarı, həm də xarici ixrac imkanları çökmə təhlükəsi ilə üz-üzədir.
Beləliklə, ay yarım ərzində aşağıda qeyd olunan zavodlar ardıcıl hədəfə alınıb:
2 avqust – Novokuybyşevsk və Ryazan zavodları
7 avqust – Afipsk zavodu
10 avqust – Saratov zavodu
14 avqust – Volqoqrad zavodu
15 avqust – Sızran zavodu
19 avqust – Volqoqrad zavoduna ikinci hücum
21 avqust – Novoşakhtinsk zavodu
24 avqust – Sızran zavoduna ikinci hücum
28 avqust – Kuibışev və Afipsk zavodları
30 avqust – Krasnodar və Sızran zavoduna üçüncü zərbə
5 sentyabr – Ryazan zavoduna ikinci hücum
7 sentyabr – İlsk zavodu
13 sentyabr – Novo-Ufa zavodu
14 sentyabr – Kiriş zavodu.
Bu siyahıdan aydın görünür ki, Ukrayna artıq təsadüfi hədəflərə yox, Rusiyanın enerji “ürəyinə” zərbələr endirir.
Neft emalı zavodları Rusiyanın büdcə gəlirlərinin əsas sütunlarından biridir. Onların sıradan çıxarılması daxildə yanacaq qıtlığına, ixracda isə kəskin azalmaya gətirib çıxarır. Nəticədə isə daxildə qiymət artımı və sosial narazılıq qaçılmaz olur.
Rusiya rəhbərliyi məcburən daxili bazarı qorumaq üçün ixraca qadağa və məhdudiyyətlər tətbiq etməyə hazırlaşır. Bu isə həm Asiya bazarında, həm də Qərbə yanacaq daşıyan kölgə şəbəkələrində ciddi silkələnmə yaradacaq.
Ukraynanın bu hücumları yalnız hərbi deyil, həm də siyasi məna daşıyır. Kreml illərdir dünyaya “enerji nəhəngi” obrazı sırımağa çalışırdı. İndi isə Rusiyanın ən böyük zavodlarının bir-bir sıradan çıxması bu mifin dağılmasına səbəb olur.
Bu həm də Moskva daxilində narazılığın artması üçün əlavə amildir. Çünki müharibənin qiymətini indi artıq cəbhədəki əsgərlər deyil, benzinsiz qalan sadə ruslar da ödəməyə başlayır.
Beləliklə, Ukrayna son 45 gündə göstərdi ki, müharibəni yalnız cəbhədə deyil, həm də Rusiyanın iqtisadi “damarlarında” aparır. Bu proses davam edərsə, yaxın aylarda Kreml həm daxildə sosial partlayış, həm də beynəlxalq arenada etibar itkisi ilə üz-üzə qala bilər. /azpolitika.info/