Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, NATO hazırda Rusiya ilə “de-fakto” müharibə vəziyyətindədir.
Turkustan.az xəbər verir ki, Peskov cari məsələlərlə bağlı jurnalistlərin suallarını cavablandırarkən, Polşa xarici işlər naziri Radoslav Sikorskinin “NATO Rusiya ilə müharibə aparmır” yönündəki açıqlamasına münasibət bildirib.
“NATO Rusiya ilə müharibədədir. Bu, öz-özlüyündə aydındır və əlavə sübuta ehtiyac yoxdur,” – deyə Kremlin sözçüsü vurğulayıb.
Peskov qeyd edib ki, NATO Ukraynaya birbaşa və dolayı dəstək göstərməklə bu münaqişədə faktiki olaraq iştirak edir.
Ukrayna məsələsinə toxunan Peskov bildirib ki, Avropa ölkələri münaqişəyə müdaxilə etsələr də, böhranın əsas və köklü səbəblərinə diqqət yetirmirlər.
O, Rusiyanın Ukrayna böhranını siyasi və diplomatik yollarla həll etməkdə maraqlı olduğunu bir daha təsdiqləyib:
“Biz bu mövzuda daim açıq olmuşuq. Amma proses Kiyev tərəfindən süni şəkildə ləngidilir. Həqiqətən də bir fasilə var və bu, açıq-aşkar görünür,” – deyə Peskov bildirib.
Kremlin sözçüsü həmçinin qeyd edib ki, Rusiya prezidenti Vladimir Putin və Ukrayna prezidenti Vladimir Zelenski arasında mümkün görüş yalnız ciddi və dəqiq hazırlıq əsasında baş tuta bilər:
“Əks halda, belə bir görüşün heç bir faydası olmayacaq,” – deyə o əlavə edib.
Aytən Yaşar/ Turkustan.az