Netanyahudan Qətərə açıq təhdid: “HƏMAS liderləri harada olsalar, tapacağıq”


İsrailin baş naziri Benyamin Netanyahu sentyabrın 9-da Qətərə endirilən hava hücumundan sonra HƏMAS rəhbərliyini növbəti dəfə hədəf alacaqları ilə bağlı xəbərdarlıq edib.

Turkustan.az xəbər verir ki, Netanyahu bu fikirləri 1965-ci ildə Suriyada İsrailin kəşfiyyat agenti Eli Koenin edam edilməsinin ildönümünə həsr olunmuş tədbirdə çıxışı zamanı səsləndirib.

7 oktyabr hücumunu planlaşdıranlara qarşı mübarizənin davam etdiyini deyən baş nazir, HƏMAS liderlərinə açıq mesaj göndərib:

“Sizin üçün təhlükəsiz sığınacaq yoxdur. Sizə çata bilməyəcəyimiz yer yoxdur”.

Netanyahu əlavə edib ki, Qətər HƏMAS rəsmilərini ölkədən çıxarmasa, İsrail bu Körfəz ölkəsini növbəti dəfə hədəf ala bilər.

Xatırladaq ki, sentyabrın 9-da İsrail ordusu Qətərin paytaxtı Dohada HƏMAS-ın danışıqlar nümayəndə heyətinin yerləşdiyi binaya hava hücumu təşkil edib.

HƏMAS liderlik qrupu sui-qəsddən sağ çıxsa da, HƏMAS Siyasi Bürosunun üzvü Xəlil Hayyenin oğlu və daha 4 HƏMAS üzvü həyatını itirib. Qətər isə hücum nəticəsində bir polis əməkdaşının həlak olduğunu açıqlayıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ