Putinin partiyasından Asif Məmmədova inanılmaz jest


İllərdir Rusiya ərazisində Azərbaycan diaspor təşkilatlarının rəhbərləri müxtəlif təzyiqlərə, həbs və deportasiyalara məruz qalırdı.

Turkustan.az Musavat.com-a istinadən xəbər verir ki, ancaq ilk dəfə olaraq tam əksinə bir fakt qeydə alınıb: İvanovo vilayəti Azərbaycan diasporunun rəhbəri Asif Abilfət oğlu Məmmədov Vahid Rusiya Partiyasının siyahısı ilə deputatlığa namizəd göstərilib.

Məlumata görə, 14 sentyabr 2025-ci ildə İvanovo vilayətində bələdiyyə seçkiləri keçiriləcək. Artıq may ayında “Vahid Rusiya” öz praymeriz seçkilərini keçirərək siyahıları təsdiqləyib. Həmin siyahıda Asif Məmmədovun adı rəsmi olaraq yerləşdirilib və bu, demək olar ki, mandatın təmin olunması anlamına gəlir.

Namizəd kartında Məmmədovun iş yeri “Revis” ASC göstərilib. Şirkətin fəaliyyəti faktiki olaraq dayanmış görünsə də, Məmmədov həm “Vendor” MMC, həm də “Titul-M” MMC şirkətlərinin direktoru kimi qeyd olunur. Bundan əlavə, o, İvanovo vilayəti Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyəti İctimai Təşkilatına rəhbərlik edir.

Beləliklə, yalnız bir həftə sonra İvanovo vilayətində Azərbaycan diasporunun rəhbəri deputat mandatı qazanacaq.

Bu hadisə həm Rusiya-Azərbaycan münasibətlərinin, həm də diasporun statusunun gələcək gedişatında mühüm dönüş kimi də dəyərləndirilir.


MANŞET XƏBƏRLƏRİ