Türkiyənin xarici işlər naziri Hakan Fidan Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilən İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının fövqəladə iclasında çıxış edib.
Turkustan.az xəbər verir ki, Fidan çıxışında Fələstin xalqının ədalətli mübarizəsinə dəstəyin önəmini vurğulayıb, lakin bunun kifayət etmədiyini bildirib:
“Fələstin xalqının ehtiyacı olan təkcə dəstək deyil. Biz İƏT olaraq birgə və konkret addımlar atmalıyıq.”
Fidan İƏT-ə üzv ölkələrin yüksək səviyyəli iştirakı ilə keçirilən sammitin birliyin gücünü göstərdiyini deyib.
Fələstin dövlətinin tanınmasının artıq geri dönməz reallığa çevrildiyini qeyd edən nazir, bununla belə təkbaşına yetərli olmadığını vurğulayıb.
BMT Baş Assambleyasının qarşıdan gələn iclasının vacibliyinə toxunan Fidan əlavə edib:
“Qalıcı həll üçün İsrailə qarşı güclü, koordinasiyalı təzyiq göstərilməlidir. Ümmətin və İƏT-in vicdanı, bu məsələdə güclü səslə ortaya çıxmalıdır.”
Aytən Yaşar/ Turkustan.az