CNN telekanalı Rusiya Prezidenti Vladimir Putinlə ABŞ lideri Donald Tramp arasında ehtimal olunan görüşdən sonra Ukrayna müharibəsinin mümkün sonluqları ilə bağlı 5 ssenarini açıqlayıb.
Turkustan.az xəbər verir ki, bu ssenarilərdən yalnız biri Ukrayna üçün müsbətdir.
Telekanal qeyd edir ki, bu ssenarilərin heç biri yalnız Putinin və Trampın iradəsi ilə gerçəkləşə bilməz – Ukraynanın birbaşa iştirak etmədiyi razılaşma mümkün deyil.
1. Putin qeyd-şərtsiz atəşkəsə razılaşır:
Bu variant çox az ehtimal olunur. Rusiya bu cür təklifi yazda, yeni sanksiyalar təhlükəsinə baxmayaraq, rədd edib. Hazırda Moskva şərqdə fəal hücuma keçərək mövqelərini möhkəmləndirməyə çalışır. Hətta Çinə və Hindistana – Rusiyanın tərəfdaşlarına əlavə təzyiq də bu yanaşmanı payıza qədər dəyişməyəcək.
2. Praqmatizm: dialoqu davam etdirmək üçün danışıqlar:
Daha real variant tərəflərin dialoqu davam etdirmək barədə razılığa gəlməsidir. Bu, qışın gəlməsi ilə cəbhənin “dondurulmasına” səbəb ola bilər. Əgər Rusiya o vaxta qədər Pokrovsku, Konstantinovkanı və ya Kupyanskı ələ keçirsə, növbəti diplomatik danışıqlarda əlverişli mövqe qazanacaq. Kremlin Zelenskinin legitimliyini sual altına qoymağa çalışacağı da istisna edilmir.
3. Ukrayna qarşıdakı iki ili dözür:
Bu ssenaridə ABŞ və AB-nin hərbi yardımı Ukraynaya mövcud müdafiə xəttlərini qorumağa imkan verir və nəticədə Moskva yenidən danışıqlara məcbur qalır. Əgər cəbhədə Ukraynanın uğuru olarsa, Avropa NATO-nun “caydırıcı qüvvəsi”ni – Kiyev və iri şəhərlər yaxınlığında yerləşdiriləcək kontingenti göndərə bilər. Bu qüvvələr logistika və kəşfiyyatda yardım edəcək.
4. Ukrayna və NATO üçün fəlakət:
Analitiklərin fikrincə, ABŞ-ın dəstəyinin zəifləməsi və Tramp-Putin arasında şərti "yumşalma"dan sonra Rusiya şərqdəki Ukrayna mövqelərini yararaq ölkənin içərilərinə doğru hərəkət edə bilər. Avropa vəziyyəti sabitləşdirməyə çalışsa da, ABŞ olmadan bunun öhdəsindən gələ bilməyə bilər. Bu, ən pis ssenaridir: Ukrayna müdafiəsinin dağılması, siyasi böhran və hətta dövlətçiliyin itirilməsi riski.
5. Putin üçün çöküş: Əfqanıstan ssenarisi:
Bunun əks ssenarisində Rusiya SSRİ-nin Əfqanıstanda olduğu kimi, bu müharibəyə ilişib qalır. İtkilərin artması, sanksiyaların təsiri, Çin və Hindistanla münasibətlərin soyuması və daxildəki narazılıq Kremlin özünün sabitliyini poza bilər.
Priqojin qiyamı artıq göstərdi ki, sistem göründüyü qədər sabit deyil. Bu ssenaridə Putin güclü görünür, amma gözlənilmədən hər şeyi itirə bilər.
Bildirilir ki, bu ssenarilərdən yalnız sonuncusu Ukrayna üçün nisbi olaraq "yaxşı" sayıla bilər. /Axar.az/