Tarixdə ilk dəfə islam ölkələri müqavilə bağlayıb bir araya gələ bilərdi,
Amma...
Vasitəçi ABŞ olanda bəzi ölkələr üçün məsələ şəklini dəyişdi.
Bir neçə ildir ki, Abraham (İbrahim) Razılaşmaları ilə “ağsaqqallıq” edən ABŞ-ın vasitəçilik cəhdləri şübhəylə qarşılanır.
İstər-istəməz sual yaradır:
Bu müqavilə ABŞ üçün sülh, yoxsa siyasi alətdir?
Çünki rəsmi Vaşinqton Yaxın Şərqdə həmişə “sülh təşviqatçısı” kimi çıxış etsə də, sonradan müxtəlif “əmma”lar ortaya çıxır, balanssız, qeyri-sabit mövqe sərgilənir.
Abraham Razılaşmaları İsrail və ərəb ölkələri arasında əməkdaşlığın normallaşdırılmasına yönəlmiş bir sıra sazişlərdir. İlk dəfə 2020-ci il, sentyabrın 15-də Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və İsrail arasında imzalanıb. Bu razılaşmalar ABŞ-ın vasitəçiliyi ilə həyata keçirilib.
Elə həmin ilin dekabrında Mərakeş də müqaviləyə qoşulub, bir il sonra isə Sudan da razılığa gəlib.
Razılaşmanın əsas məqsədi Yaxın Şərqdə sülh və sabitliyi təmin etmək, iqtisadi əməkdaşlığı artırmaq və region xalqları arasında sıx əlaqələr yaratmaqdır. Müqavilələrdə həmçinin İsrail ilə ərəb ölkələri arasında diplomatik münasibətlərin qurulması, səfirliklərin açılması da nəzərdə tutulur.
Hər üç səmavi dinin – Yəhudilik, Xristianlıq və İslamın qəbul olunmuş peyğəmbəri sayılan İbrahimin adının müqaviləyə verilməsi də təsadüfi deyil. Bu ad simvolik olaraq üç dinin daşıyıcılarını bağlayan, onları bir araya gətirən bir müqəddəsin adıdır.
Amma bir-birinə zidd olan bu dinlər heç cürə çəkici bir zindana vurmaq istəmirlər.
Ələlxüsus da İran!
Bu ölkənin liderləri ərəb ölkələrini İsraillə əlaqələr qurduqlarına görə sərt şəkildə qınayıblar və bu razılaşmanı “bütün müsəlmanların belinə saplanmış bıçaq” adlandırıblar.
Digər müsəlman ölkələri nisbətən “ağciyər” tərpənsə də, Əlcəzair, Tunis, Liviya və Qətər İsraillə münasibətlərin normallaşdırılmasını rədd edib və müqavilənin faydasızlığına diqqət çəkiblər.
Yəni dizinin dibində Fələstinlə dil tapa bilməyən İsrail o biri müsəlman ölkələri ilə necə əməkdaşlıq edəcək?! Fələstin də öz növbəsində 15 sentyabr 2020-ci ili tarixinin “qara gün”ü adlandırıb. Qətərdə yerləşən Beynəlxalq Müsəlman Alimlər Birliyinin rəhbəri İsraillə münasibətlərin normallaşmasına qadağa qoyulduğunu açıqlayıb.
Buna baxmayaraq Razılaşmanın genişləndirilməsi davam etdirilir.
Müsəlman ölkələrindən olan Azərbaycan və Orta Asiya dövlətlərinin də müqaviləyə qoşulması təşəbbüsü irəli sürülüb. Əslində bu təşəbbüs böyük ehtimalla rəmzi xarakter daşıyır, çünki Azərbaycanın onsuz da İsrail və ərəb ölkələri ilə diplomatik, mədəni-iqtisadi əlaqələri var.
Bu səbəbdən razılaşmaya qoşulma yenilik deyil, daha çox mövcud əlaqələrin daha da dərinləşdirilməsinə xidmət edə bilər./Bizim Media