“Sabiq prezident Robert Köçəryan Rusiyanın Ermənistandakı agenti təəssüratı yaradır”.
Turkustan.az xəbər verir ki, bunu Ermənistan parlamentindəki hakim “Vətəndaş Müqaviləsi” fraksiyasının deputatı Qaqik Melkonyan deyib.
“Robert Köçəryanın ana dili rus dilidir, o, rusca düşünür və biznesi Rusiyadadır”, - deputat bildirib.
Melkonyan qeyd edib ki, Ermənistan ordusunun dağılması prosesi Köçəryanın prezident olduğu dönəmdən başlayıb: “Ordunun dağılması prosesi 2008-ci il martın 1-dən sonra başlanılıb. 2016-cı ilin aprelində baş vermiş dörd günlük müharibədən sonra ordu üçün heç nə edilmədi, ancaq pullar silindi”.
Ermənistan müxalifətinin 10 noyabr bəyanatına əməl edilməli olduğu ilə bağlı iddialarına toxunan deputat söyləyib ki, sözügedən bəyanatın 9-cu bəndi yerinə yetirilməlidir: “(Ermənistan və Azərbaycan arasında) Yollar açılmalıdır”.
Melkonyan Rusiyanın Ermənistana könüllü köçmüş Qarabağ ermənilərinə yenidən “humanitar yardım” göstərməsi ilə bağlı qeyd edib:
“Görünür, yenidən köhnə alətlərini (keçmiş münaqişə və ya separatizm üzərindən təzyiq rıçaqlarını - red.) təmir etmək istəyirlər”. /teleqraf.az/