İsrailin keçmiş baş naziri: ABŞ-da nüfuzumuz getdikcə azalır


İsrail ABŞ-da artıq ‘pariya dövləti’ kimi qəbul edilir.

Turkustan.az xəbər verir ki, İsrailin sabiq baş naziri Naftali Bennett İsrailin ABŞ-dakı reputasiyasının ciddi şəkildə zədələndiyini bildirib və qeyd edib ki, ölkəsi artıq beynəlxalq arenada “pariya dövləti” kimi qəbul olunur.

Vaşinqton və Nyu-Yorka 10 günlük səfərindən sonra X (əvvəlki Twitter) sosial media platformasında paylaşım edən Bennett “Əsl xəbərdarlıq... İsrailin ABŞ-da reputasiyası getdikcə azalır” başlıqlı mesajında vəziyyətin kritik olduğunu vurğulayıb.

2021-ci ilin iyunundan 2022-ci ilin iyununa qədər baş nazir postunu tutmuş Bennett qeyd edib:
“ABŞ-da yaşamış, burada bizneslə məşğul olmuş və uzun illər İsrailin təbliğatı ilə məşğul olan biri kimi açıq şəkildə deyə bilərəm: İsrailin vəziyyəti heç vaxt bu qədər pis olmayıb. İsrail indi artıq ‘pariya dövləti’ kimi qəbul olunur və bu reallıq möhkəmlənib.”

O, ABŞ-da İsrailə olan siyasi dəstəyin də zəiflədiyinə diqqət çəkərək bildirib ki, “Demokratik Partiya artıq dağılma ərəfəsindədir və biz, bir zamanlar dəstəyinə ümid bəslədiyimiz Respublikaçılar Partiyasını da itiririk”.

Donald Tramp administrasiyasında fəaliyyət göstərmiş bəzi qrupların, xüsusilə də Trampın şəxsi dəstəyi ilə hələ də İsrailə yaxın olduğunu qeyd edən Bennett əlavə edib:
“Ancaq MAGA (Amerikanı Yenidən Böyük Et) hərəkatı da daxil olmaqla, bir çox sağçı dairələr İsraildən uzaqlaşmağa başlayıb.”

Respublikaçılar arasında, xüsusilə gənc nəsil arasında İsrailə dəstəyin nəzərəçarpacaq dərəcədə azaldığını deyən sabiq baş nazir vurğulayıb:
“Hətta uzun illər dostumuz olmuş şəxslər belə artıq İsraili müdafiə etməkdə çətinlik çəkirlər”.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ