Gümrüdə hərbi bazaya axın: Moskva Ermənistanda nəyə hazırlaşır?


Ermənistanın Baş naziri Nikol Paşinyana qarşı 3 qüvvə - radikal müxalifət, kilsə və bir qrup iş adamı birləşib. Bu 3 qüvvənin arxasında Kreml dayanır.

Moskva Ermənistanda gələn il parlament seçkisinə qədər Nikol Paşinyanın mövqelərini zəiflətməyə, imkan daxilində onu devirməyə çalışır. Nikol Paşinyan bundan xəbərdar olduğuna görə hər 3 qüvvəyə qarşı radikal addımlar atır, müxalifət təmsilçilərini, Rusiyaya bağlı keşişləri və iş adamlarını həbs edir.

Ancaq hadisələr Paşinyanın nəzarətindən çıxa da bilər. Təsadüfi deyil ki, Rusiyanın Gümrüdəki hərbi bazasını gücləndirməsi barədə xəbərlər çoxalıb. "Hraparak" qəzeti öz mənbələrinə istinadən yazır ki, hər gün bazaya hərbi yükün olduğu bir neçə təyyarə enir. Tədarüklərin məqsədi məlum deyil, lakin müxtəlif fərziyyələr irəli sürülür.

Versiyalardan birinə görə, Moskva bununla regionda mümkün dəyişikliklərə hazırlaşır. Qəzet, həmçinin qeyd edir ki, Ermənistan hakimiyyəti baş verənlərdən xəbərdardır, lakin vəziyyəti açıq şəkildə şərh etmir.

Siyasi şərhçi Həsrət Rüstəmov Bakıvaxtı.az-a açıqlamasında deyib ki, bu yaxınlarda baş nazirin əleyhdarları bir ictimai rəy sorğusu keçirmiş və Paşinyanın qalib gəldiyini özləri etiraf etmişdi.

Ekspert vurğulayıb ki, Ermənistanda bundan sonra Rusiyanın adamları birmənalı olaraq seçkidə qalib gələ bilməzlər:

"Bu, artıq danılması mümkün olmayan reallıqdır. Erməni xalqı Moskvanın təsirində olan istənilən siyasi personaya güvənmir. İstər keçmiş korrupsioner olsun, istər gənc biznesmen və ya Kilsə xadimi, erməni toplumu onlara etimad etmir. Doğrudur, Paşinyanın da reytinqi və siyasi vəziyyəti birmənalı müsbət xarakterizə edilmir. Amma hazırkı rəqiblərinə münasibətdə seçkidə baş nazirin qalib gələcəyini indidən ehtimal etmək çətin deyil. Paşinyanın seçkiyədək devrilməsinə gəldikdə isə bu, əlbəttə ola bilər. Paşinyanın sui-qəsdlə aradan qaldırılması da istisna deyil. Çünki rəsmi Moskva üçün bu cür üsullar sınaqdan çıxarılmış üsullardır".

Həsrət Rüstəmov, analitik

Analitik əlavə edib ki, Moskva əvvəlki Moskva deyil və regiondakı vəziyyətə ən azından təkbaşına müdaxilə imkanları çox məhduddur:

"Həmçinin, Ukrayna ilə müharibə də Rusiyanın qəti addım atmasına mane olur. Bir sözlə rus təsirindən qurtulmaq istəyən erməni vətəndaşları və Rusiyanı Qafqazdan sıxışdırmaq istəyən ABŞ və digərləri möhkəm dura bilsələr Paşinyan hələ bir dönəm də hakimiyyətdə qalacaq. Əslində, bu təkcə İrəvan üçün deyil, bütün bölgə üçün də əhəmiyyətli məsələdir".


MANŞET XƏBƏRLƏRİ