İstanbulda keçirilən Türkiyə–İtaliya–Liviya Əməkdaşlıq Sammiti Yunanıstanda siyasi müzakirələrə səbəb olub.
Turkustan.az xəbər verir ki, Yunanıstanın əsas müxalifət partiyası Radikal Sol Alyans (SYRIZA) üçtərəfli sammiti baş nazir Kiriakos Mitsotakisin rəhbərlik etdiyi hökumətin "diplomatik uğursuzluğu" kimi qiymətləndirib.
SYRIZA yazılı açıqlamasında bildirib ki, İstanbulda keçirilən bu sammit Yunanıstanın xarici siyasətini “mühasirəyə alınmış və istiqamətsiz” bir vəziyyətdə təqdim edir. Bəyanatda qeyd olunub:
"Mitsotakis hökuməti beynəlxalq hadisələri sadəcə izləyir, ortaq və koordinasiyalı milli strategiyadan məhrumdur."
Müxalifət həmçinin baş nazir Mitsotakisin bu ilin mayında İtaliyanın baş naziri Giorgia Meloni ilə görüşünə toxunaraq, onun “Meloni ilə bir çox məsələlərdə razılığa gəldik” sözlərinin reallığı əks etdirmədiyini vurğulayıb.
SYRIZA müdafiə sənayesində Türkiyənin sərmayələri və Liviya ilə bağlı məsələlərdə İtaliyanın Türkiyə və Liviya müvəqqəti hökuməti ilə birbaşa məsləhətləşməsinin Yunanıstanı proseslərdən kənarda qoyduğunu iddia edib.
Radikal Sol Alyansın Xarici Əlaqələr Komitəsinin sədri Rena Dourou da məsələni parlamentin gündəminə çıxarıb. O, Afina hökumətinin bölgədə Türkiyənin artan təsirini passiv şəkildə izlədiyini bildirib:
"Mitsotakis hökuməti heç nə tələb etmir və ard-arda diplomatik məğlubiyyətlərlə üzləşir. Yalnız Türkiyənin bölgədə güclənməsini və Yunanıstanın suveren hüquqlarının sual altına alınmasını seyr edir," – deyə Dourou vurğulayıb.
Aytən Yaşar/ Turkustan.az