BMT-nin Dünya Ərzaq Proqramı: Qəzza ən pis aclıq ssenarisi ilə üz-üzədir


Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Ərzaq Proqramının (ÜƏP) Qida Təhlükəsizliyi və Qidalanma Təhlili Direktoru Jan-Martin Bauer Qəzzada aclığın artıq ən pis ssenariyə çevrildiyini bildirib.

Turkustan.az xəbər verir ki, Bauer BMT-nin Cenevrə ofisində keçirilən həftəlik mətbuat konfransına onlayn şəkildə qatılaraq, İsrailin blokadası və intensiv hərbi əməliyyatları altında olan Qəzzadakı vəziyyəti qiymətləndirib.

O, İnteqrasiya edilmiş Qida Təhlükəsizliyi Mərhələ Təsnifatının (IPC) may ayında Qəzza ilə bağlı dərc etdiyi hesabatı xatırladaraq, bölgədə proqnozlaşdırılan qıtlıq riskinə diqqət çəkib. Bauer bildirib ki, hal-hazırda təxminən yarım milyon insan "fəlakətli" olaraq təsnif edilən IPC-nin 5-ci səviyyəsində yer alır.

IPC-nin bu gün açıqladığı yeni hesabatda isə vəziyyətin daha da ağırlaşdığı göstərilir. Bauer bu barədə deyib:
“Son aylar ərzində ərzaq təhlükəsizliyi və qidalanma göstəricilərində ciddi pisləşmə müşahidə olunub.”

O, Qəzzada aclığın artıq ən pis səviyyəyə çatdığını vurğulayaraq əlavə edib:
“Qəzzanın geniş ərazilərində aclıq həddi artıq keçilib. Bu, çox ciddi və narahatedici bir vəziyyətdir. Belə bir halı Qəzzada ilk dəfə müşahidə edirik.”

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ