E3 ölkələri İrana xəbərdarlıq edir: Hazır ol!


İngiltərə Baş nazirinin 10 saylı ofisindən verilən yazılı açıqlamaya görə, İngiltərə Baş naziri Keir Starmer Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Fridrix Merz ilə telefon danışığında Qəzza, Ukrayna və İranı müzakirə edib.

Turkustan.az xəbər verir ki, üç lider İsrailin aclıq və qıtlıq hökm sürdüyü Qəzzada vəziyyətin ağır olduğu barədə razılığa gəliblər və təcili atəşkəsin, İsrailin yardıma qoyulan bütün məhdudiyyətləri aradan qaldırmasının və Qəzzada əziyyət çəkənlərə təcili ehtiyac duyulan ərzaqla təmin olunmasının vacibliyini vurğulayıblar.

Baş nazir Starmer, həmçinin ölkəsinin Qəzzaya havadan yardımın çatdırılması və tibbi yardıma ehtiyacı olan uşaqların təxliyəsi planlarını inkişaf etdirmək üçün İordaniya kimi tərəfdaşlarla necə işləyəcəyini açıqladı.

Nəhayət, üç lider İranın nüvə proqramını müzakirə etdilər və İranın MAQATE ilə əməkdaşlıq etməməsi və diplomatiyaya qayıtmaması halında avqustun sonunda BMT sanksiyalarının bərpa olunacağı barədə razılığa gəliblər.

İranla Qərb arasında razılıq əldə oluna bilməsə və “snapback” kimi tanınan “tətik mexanizmi” işə salınarsa və BMT sanksiyaları tətbiq edilərsə, İranın nüvə faylının həllinin daha da mürəkkəbləşə biləcəyi qiymətləndirilir.

Tətik mexanizminin işə salınması ilə 2006-2010-cu illər arasında İrana qarşı çıxarılan 1696, 1737, 1747, 1803, 1835 və 1929 saylı qətnamələr yenidən qüvvəyə minəcək.

Bu halda, bərpa olunacaq sanksiyalara silah embarqosunun bərpası, İranın nüvə başlıqları daşıya bilən raketlər hazırlamasına qadağa qoyulması, yüzlərlə şəxs və təşkilata maliyyə və səyahət məhdudiyyətləri daxildir. 2020-ci ildə müddəti bitən silah embarqosu da bu çərçivədə bərpa olunur.

Ən kritik sanksiya BMT Təhlükəsizlik Şurasının 1929 saylı qətnaməsidir. Bu qətnamə BMT-yə üzv dövlətlərə İrana və İrandan gələn bütün yükləri yoxlamaq və lazım gələrsə, ələ keçirmək səlahiyyəti verir. Bu, İranın dəniz və hava ticarəti üçün istifadə etdiyi gəmilərə müdaxilə etməyə imkan verir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ