Ərdoğan: Tezliklə sizə həmin tarixi xəbəri verərəcəyik!


Terrorsuz Türkiyə yolunda tarixi mərhələyə qədəm qoyuruq.

Turkustan.az xəbər verir ki, prezident Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının Türkiyə Böyük Millət Məclisindəki (TBMM) qrup toplantısında gündəmlə bağlı mühüm açıqlamalar verib.

Prezident bildirib ki, DEM Partiyası ilə konstruktiv və səmimi bir görüş keçirilib:“Pervin Buldan xanımı və Mithat Sancarı Prezident Kompleksində qəbul etdik. Konstruktiv və səmimi bir görüşümüz oldu. Qarşıdakı günlərdə müsbət xəbərlər alacağımız bir mərhələyə qədəm qoyuruq. Ümid edirik ki, terrordan təmizlənmiş Türkiyə prosesi heç bir yol qəzası olmadan, heç bir çirkin təxribatla üzləşmədən uğurla yekunlaşacaq. Ayaqlarımızdan qanlı buxovları tamamilə çıxarır, gözlənilən tarixi müjdəyə hazırlaşırıq”.

Ərdoğan əlavə edib ki, Türkiyə əvvəlcə “Terrorsuz Türkiyə”, ardınca isə “Terrorsuz Bölgə” hədəfinə çatmağı qarşısına məqsəd qoyub:“Şəhidlərimizin ruhunu şad edərək, dost-düşmən hər kəsə göstərəcəyik ki, bu qurbanlar əbəs olmayıb. Onların dəyərlərini rəhbər tutaraq, Türkiyəni yarım əsrdən artıq davam edən bəladan azad edirik. Terror divarı yıxıldıqdan sonra hər şey çox fərqli olacaq”.

Prezident görüşün həm məzmun, həm də nəticə baxımından əhəmiyyətli olduğunu vurğulayaraq, bu prosesin davamlılığı üçün siyasi həmrəyliyin vacibliyini qeyd edib:“İttifaq tərəfdaşlarımızla ilk gündən bəri tam həmrəylik içində necə hərəkət etmişiksə, bu yolda birgə addımlamağa davam edəcəyik”.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ