Orban: Ukrayna və Aİ Rusiya ilə münaqişədə uduzub


“Avropa İttifaqı və Ukrayna Rusiya ilə münaqişədə uduzub”.

Turkustan.az xəbər verir ki, bu fikri Macarıstanın Baş naziri Viktor Orban “Patriota” YouTube kanalına müsahibəsində səsləndirib. Müsahibə “Avropa Vətənpərvərləri” partiyalararası assosiasiyasının və Avropa Parlamentində eyni adlı sağçı-mühafizəkar fraksiyanın yaradılmasının birinci ildönümünə təsadüf edib.

Orban bildirib ki, Avropa İttifaqının (Aİ) liderləri hələ də Ukraynada hərbi əməliyyatların davam etdirilməsini dəstəkləyirlər. Bununla belə, Aİ-yə üzv 27 ölkə arasında yalnız Macarıstan və Slovakiya sülhə çağırır. Onun fikrincə, Aİ liderləri səhv strategiya yürüdüblər və bunun nəticəsində uduzublar:“Düşünürəm ki, Avropa İttifaqı bu müharibəni artıq uduzub. Ukrayna da cəbhədə bu müharibəni uduzub”.

Baş nazirin sözlərinə görə, Avropa liderləri hələ də Rusiyanın bu müharibədə məğlub olacağını desələr də, bunun necə baş verə biləcəyini izah edə bilmirlər:“Rusiya böyük nüvə dövlətidir və bu səbəbdən onun müharibəni uduzması mümkün deyil. Düşünürəm ki, bu, əvvəldən aydın idi – sadəcə, belə bir nəticə mümkün deyildi”.

Orban sonda əlavə edib ki, bu müharibəni qazanmaq mümkün deyil və onu yalnız diplomatik yolla dayandırmaq olar. O əmindir ki, indi əsas məqsəd hərbi əməliyyatları ləngitmək və danışıqlar masası arxasında real addımlar atmaq olmalıdır.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ