Rəsmi statistikalara görə İsrailin Evin həbsxanasına hücumu nəticəsində 71 nəfər həlak olub.
Turkustan.az IRNA-ya istinadən xəbər verir ki, bunu İran Məhkəmə Hakimiyyətinin sözçüsü Əsğər Cahangir deyib.
Onun sözlərinə görə, ölənlər arasında həbsxananın inzibati heyəti, müddətli xidmət keçən əsgərlər, məhkumlar, onların ailə üzvləri və həbsxana yaxınlığında yaşayan mülki sakinlər də var.
Əsğər Cahangir hücumun miqyasını belə təsvir edib:
“İsrail Evin həbsxanasına hücum edərək insanlığa və beynəlxalq hüquqa qarşı tam bir cinayət törədiblər. Hətta həbsxananın yaxınlığında yaşayan, görüş salonu və müstəntiq otaqlarının yaxınlığında məskunlaşan insanlar belə bu hücumun təsirindən ciddi zərər görüblər.”
O, qeyd edib ki, sakinlərə həm maddi, həm də bədən xəsarətləri yetirilib. Hücum nəticəsində bəzi qonşular da həyatını itirib.
Sözçü bildirib ki, hücum anında bir çox ailə üzvü məhkumlarla görüşmək və ya hüquqi işlərini həll etmək üçün Evin həbsxanasında olub. Həmin şəxslər görüş salonunun raketlə vurulması nəticəsində ya yaralanıb, ya da həlak olublar.
Hadisə nəticəsində bir çox insan yerindəcə və ya xəstəxanaya aparıldıqdan sonra tibbi yardım alıb, bəziləri isə müalicə olunaraq evə buraxılıb.
Bizim.Media