Sosial şəbəkələrdə Çin Xalq Respublikasının DF-41 qitələrarası ballistik raketinin mobil buraxılış qurğusunun nadir görüntüləri yayılıb. Bu qurğu təbii mühitə ustalıqla uyğunlaşdırılmış kamuflyajla gizlədilib.
Qaynarinfo "Defense Express”ə istinadla yazır ki, bu, təkcə Çinin hərbi gücünün vizual nümayişi deyil, həm də onun qlobal müşahidədən yayınmaq üçün nüvə arsenalını gizlətmə üsullarını təkmilləşdirdiyinin göstəricisidir.
Kamuflyaj buraxılış qurğusunun relyeflə birləşməsinə imkan verir ki, bu da onun peyklər, təyyarələr və pilotsuz uçuş aparatları ilə aşkarlanmasını çətinləşdirir. Bu cür maskalama strategiyası yaxın məsafədə tam effektiv olmasa da, hərbi münaqişə zamanı mobil silah sistemlərinin sağ qalma ehtimalını əhəmiyyətli dərəcədə artırır.
DF-41 raketi Çinin ən güclü qitələrarası ballistik raketidir. 15 min kilometrədək məsafəni qət edə bilir və bir neçə müstəqil döyüş başlığı daşımaq imkanına malikdir. Raket həm mobil platformalardan, həm də yeraltı şaxtalardan və potensial olaraq "nüvə qatarları” adlandırılan sistemlərdən buraxıla bilər. Onun yerləşdirilməsi və ictimaiyyətə açıq şəkildə nümayişi Pekinin nüvə caydırıcılığını gücləndirmək istiqamətindəki strateji ambisiyalarını təsdiqləyir.
Çin, keçmiş SSRİ kimi, strateji qüvvələrin gizli yerləşdirilməsi və kamuflyajı metodlarını mənimsəyib. Sovet müdafiəsinin əsasını təşkil edən bu yanaşmalar indi yeni texnologiyalar və təhdidlər nəzərə alınaraq modernləşdirilir.
Bu cür görüntülərin ictimaiyyətə çıxarılması yalnız güc nümayişi deyil, həm də Pekinin informasiya siqnalları vasitəsilə nüvə təsirini artırmaq cəhdi kimi də qiymətləndirilə bilər.
Bundan başqa, Çin şirkəti United Aircraft yeni R6000 (həmçinin UR6000 və ya Zhang Ying kimi tanınır) adlı pilotsuz konvertoplanın yerüstü sınaqlarından kadrlar yayımlayıb. Çin aviasiya texnologiyaları üzrə tədqiqatçı Rupprecht_A bu görüntülərə diqqət çəkib.
R6000 olduqca iri aparatdır: maksimal uçuş çəkisi 6100 kq, daşıma qabiliyyəti isə 2000 kq-a qədərdir. Onun kruiz sürəti 550 km/saat, uçuş məsafəsi isə 1500 km-dir (bunlar ilkin göstəricilərdir).