Rusiyanın Yekaterinburq vilayətində işgəncələrə məruz qalaraq həbs edilən Biləsuvar rayonunun Zəhmətabad kənd sakini Əziz Abbasovun vəziyyəti ağır olaraq qalır.
Turkustan.az xəbər verir ki, bu barədə onun qardaşı Fitətxan Abbasov məlumat verib.
Onun sözlərinə görə, hadisə zamanı təkcə Əziz Abbasov deyil, onun 20 yaşlı oğlu və həyat yoldaşı da amansız şəkildə döyülüblər:
"Qapını belə açmağa imkan verməyiblər. Xüsusi geyimdə olan şəxslər evə zorla daxil olaraq, qardaşımı və gəlini eyni anda döyüblər.Gəlinə bir təpik vurublar gedib çarpayının üstünə yıxılıb. Uşaq deyir ki, onu döydüklərindən sonra döşəmənin üstü tamamilə qan içində olub".
Fitətxan Abbasov bildirib ki, işgəncə bununla bitməyib. Əziz Abbasov və oğlu daha sonra polis idarəsinə aparılıb və orada uşaq bir daha döyülüb:
"Qardaşım oğluna təzyiq göstərərək məcbur ediblər ki, istədikləri izahatı yazsın. Bu nə deməkdir? Bu qədər terrorla Rusiya niyə bu xalqa bu cür divan tutur?!"
Qardaşının dediyinə görə, Əziz Abbasovun bir neçə qabırğası sındırılıb. Hazırda onun vəziyyəti "orta-ağır" qiymətləndirilir./teleqraf