Trampın şiə və kürd həmləsi – İranın qonşuları razılaşdı, yenilik olacaq


“ABŞ Prezidenti Donald Trampın Körfəz ölkələrinə səfəri regiondakı siyasi və iqtisadi vəziyyətə ciddi təsir göstərə bilər”.

Bu sözləri politoloq Rüstəm Tağızadə Globalinfo.az-a Ağ Ev liderinin Yaxın Şərqə səfərini şərh edərkən deyib.

Politoloq bildirib ki, Tramp “İbrahim Sazişləri” çərçivəsində BƏƏ və Bəhreynin İsraillə münasibətləri normallaşdırmasını təmin edərək, yeni təhlükəsizlik və iqtisadi çərçivə yaratmaq istiqamətində ciddi irəliləyiş əldə edib:

“Bu normallaşmaların əsas məqsədi İsrail-Fələstin münaqişəsinin həllinə yönəlmiş siyasi razılaşmaların əldə olunmasıdır. Amma qeyd olunan hədəfə çatmaq üçün ciddi müzakirələr və uyğun təkliflər tələb edilir.

Bununla yanaşı, ABŞ-ın Körfəz ölkələri ilə əlaqələrini gücləndirməsi İrandan gələcək ehtimal təhlükəyə qarşı qorunma üçün potensial bir təhlükəsizlik paktının yaradılmasına da yol aça bilər. Lakin bu cür ittifaqın qurulması çox vaxt aparacaq, çünki ərəb dünyasında İsraillə əlaqələrin yaxşılaşdırılmasına görə hələ də böyük narazılıqlar var.

Trampın Yaxın Şərqdəki siyasəti yalnız təhlükəsizlik məsələləri ilə məhdudlaşmır. ABŞ, regiondakı yerli qüvvələri, yəni sünni qəbilə liderlərini, kürd hakimiyyət orqanlarını və praqmatik şiə fraksiyalarını idarə etmədə rol oynamağa dəvət edərək, yeni bir mexanizm formalaşdırmağa çalışır. Bu yanaşmanın bölgədəki siyasi parçalanmanı daha da dərinləşdirmə ehtimalı da var, lakin yerli elitaların ABŞ-la əməkdaşlığa cəlb olunması böyük iqtisadi üstünlüklər əldə etməyə imkan yaradır”.

rustem tagizade
Rüstəm Tağızadə

R.Tağızadənin sözlərinə görə,Trampın Körfəz ölkələrinə səfərinin Çinin “Bir kəmər, bir yol” (BRI) layihəsi və Rusiyanın Suriyaya silah satışı kimi məsələlərlə əlaqədar bir neçə məqsədi var:

“Bu səfər həm ABŞ-ın regional güclər arasında öz mövqeyini qorumağa çalışması, həm də diplomatik nüfuzunun artırılmasına xidmət edir.

Fələstin məsələsi isə bu regional nizamın təməlindəki ən böyük sınaqdır. Trampın bu mövzu ilə bağlı səyləri hələ də konkret bir nəticə verməyib. Fələstin daxilindəki parçalanma, ABŞ-ın vasitəçiliyinə olan inamsızlıq və daha geniş iqtisadi islahatların həyata keçirilməsi ehtiyacı bu məsələnin həlli üçün ən böyük maneə olaraq qalır.

Trampın Yaxın Şərqə hazırkı səfəri ciddi regional dəyişikliklərlə nəticələnə bilər. Lakin, Vaşinqton bu dəyişikliklərin davamlı ola bilməsi üçün Fələstin problemini daha geniş şəkildə həll etməli, bölgədəki güclər arasında tarazlıq yaratmaq istiqamətində diplomatik cəsarət və strateji yanaşma nümayiş etdirməlidir”.


MANŞET XƏBƏRLƏRİ