Son aylarda Rusiya-Ukrayna müharibəsinin bitirilməsi üçün diplomatik səylərin artması fonunda dünyanın gözü bir daha Türkiyəyə, xüsusilə də İstanbula yönəlib.
Rusiya Prezidenti Vladimir Putinin Ukrayna münaqişəsinin həlli üçün İstanbulda danışıqlar masasının qurulması ilə bağlı təklifi müsbət dəyərləndirildi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, ABŞ Prezidenti Donald Tramp və Ukrayna lideri Volodimir Zelenski də bu təkliflə razılaşdılar. Hər üç ölkənin liderinin mayın 15-də İstanbula toplanacağına dair məlumat yayıldı, lakin daha sonra müzakirələrdə Rusiya nümayəndə heyətinə Vladimir Putinin deyil, xarici işlər naziri Sergey Lavrovun rəhbərlik edəcəyi bildirildi. Kreml isə Putinin qərarını daha sonra açıqlayacağını bəyan etdi.
İstanbul görüşünün nəticəsi necə olacaq?
Globalinfo.az-a danışan siyasi şərhçi Kənan Novruzov deyib ki, müzakirələrdə ciddi nəticələrin əldə olunması ehtimalı heç də az deyil:
“Çünki burada yalnız tərəflər deyil, eyni zamanda münaqişənin gedişatına yön verə biləcək dörd əsas güc – Rusiya, Ukrayna, Türkiyə və ABŞ liderləri bir araya gələcəklər. Bu, indiyə qədərki diplomatik cəhdlər arasında ən genişmiqyaslı və potensial baxımından əhəmiyyətli olanıdır. Amma əsas sual hələ də açıq qalır: atəşkəs əldə olunacaqmı?
Bu suala birmənalı cavab vermək çətindir. Problem ondadır ki, bütün beynəlxalq sistem Rusiya-Ukrayna münaqişəsinin həllinə eyni prizmadan yanaşmır. Xüsusilə də Avropa paytaxtları ilə Vaşinqton arasında ciddi baxış fərqləri mövcuddur. ABŞ müharibənin müəyyən mərhələdə dayandırılması və diplomatik tənzimləmə yoluna keçilməsində maraqlıdır. Çünki qarşıdan gələn seçkilər, daxili təzyiqlər və qlobal güc balansındakı dəyişikliklər buna zərurət yaradır”.
K.Novruzov bildirib ki, Avropa fərqli düşünür, Brüsseldə və digər paytaxtlarda narahatlıq var:
“Onlar müharibənin tezliklə dayanacağı halda Rusiyanın özünü qalib kimi hiss edəcəyindən narahatdırlar. Bu isə psixoloji üstünlüyün bərpası, Kreml üçün yeni strateji ambisiyaların yaranması deməkdir. Avropanın bəzi dairələrinin bu ssenaridən ehtiyat edərək Ukraynaya dəstəyi artırmaqla və Rusiyaya qarşı sanksiyaları dərinləşdirməklə müharibənin mümkün qədər uzanmasına cəhd göstərməsi gözləniləndir.
Bu isə əslində, Kreml ilə Kiyev arasında yaranmaqda olan tarazlığı poza bilər. İndiki məqamda tərəflər müəyyən diplomatik güzəştlərə getməyə daha açıq görünürlər. Savaş uzandıqca tərəflər yalnız hərbi resurslarını deyil, siyasi manevr imkanlarını da itirirlər. Bu baxımdan İstanbul görüşü onlar üçün nadir tarazlıq nöqtəsi yarada bilər. Əgər bu fürsət qaçırılarsa, növbəti diplomatik kanalın nə zaman və harada açılacağı sual altına düşür”.
Kənan Novruzov
Ekspertin sözlərinə görə, burada ən təhlükəli məqamlardan biri kənardan gələn təzyiqlər nəticəsində Ukrayna və Rusiya üçün hazırda açıq olan real danışıqlar pəncərəsinin bağlanmasıdır:
“Həm Vaşinqton, həm də Ankara bu mənada kritik vasitəçilik rolu oynayır. Türkiyə artıq uzun müddətdir regionda balanslaşdırıcı güc kimi çıxış edir. ABŞ isə Prezident Donald Tramp administrasiyasının rəhbərliyi ilə bu prosesi daha konkret və praqmatik nəticələrə yönəltmək niyyətində görünür.
Əgər Moskva və Kiyev bu reallığı düzgün dəyərləndirməsələr, onlar üçün yaranmış çox nadir bir fürsət əldən gedə bilər. O halda müharibənin yeni, daha sərt fazaya keçməsi ehtimalı da istisna olunmur.
İstanbul masası sadəcə bir görüş nöqtəsi deyil, böyük geosiyasi sualların cavablandırılacağı yer ola bilər. Amma bu, yalnız o halda baş verər ki, tərəflər oyunun qaydalarını yazmaq istəyənlərin deyil, öz xalqlarının və regionun gələcəyinin diktəsi ilə hərəkət etsinlər”.