Rusiya Federasiyası 2014-cü ildə Ukraynanın şərqində vurulan Malayziya Hava Yollarına məxsus Boeing 777 sərnişin təyyarəsinin qəzasi ilə bağlı beynəlxalq istintaqın nəticələrini qəbul etmir. Kreml bu nəticələri “siyasiləşmiş və qərəzli” adlandıraraq, araşdırmanın obyektiv aparılmadığını bəyan edib.
Turkustan.az xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə açıqlamasında Rusiyanın istintaq qrupunun (Joint Investigation Team – JIT) təqdim etdiyi rəsmi nəticələri legitim saymadığını bildirib. O deyib ki, bu araşdırma Rusiyanın iştirakı olmadan həyata keçirilib və istintaq zamanı Moskvanın təqdim etdiyi sübut və məlumatlara nəzər salınmayıb.
Xatırladaq ki, 2014-cü ilin 17 iyul tarixində Amsterdamdan Kuala-Lumpura uçan MH17 reysi Ukraynanın Donetsk vilayəti üzərində vurulmuşdu. Təyyarədə olan 298 nəfərin hamısı həlak olmuşdu. İllərlə davam edən beynəlxalq araşdırmadan sonra JIT nəticəyə gəlib ki, təyyarə Rusiya istehsalı olan “Buk” zenit-raket kompleksi ilə vurulub və bu silah Rusiya Silahlı Qüvvələrinin 53-cü zenit-raket briqadasına məxsus olub. Rusiya tərəfi isə bu iddiaları qətiyyətlə rədd edir. Rəsmi Moskva bildirir ki, təqdim olunan sübutlar birtərəflidir və siyasi sifarişin nəticəsidir.
Kreml vurğulayır ki, istintaqın gedişində nə Rusiya mütəxəssisləri iştirak edib, nə də Moskvanın təqdim etdiyi radar görüntüləri və texniki məlumatlar nəzərə alınıb. Rusiya tərəfinin fikrincə, bu, beynəlxalq hüquq normalarının pozulması deməkdir. Peskovun bu açıqlaması Qərblə Rusiya arasında artmaqda olan diplomatik və informasiya qarşıdurmasının fonunda verilib. Ekspertlər hesab edirlər ki, MH17 istintaqı və ona verilən reaksiyalar beynəlxalq hüququn selektiv tətbiqi, geosiyasi maraqların təsiri və ədalət mexanizmlərinin şəffaflığı məsələlərini gündəmə gətirir.
Qeyd edək ki, Avropa İttifaqı, Niderland və Avstraliya MH17 faciəsinə görə Rusiya hökumətini məsuliyyətə cəlb etmək üçün diplomatik və hüquqi addımlar atıblar. Rusiya isə bu cür ittihamları beynəlxalq aləmdə ölkəyə qarşı siyasi təzyiq vasitəsi kimi qiymətləndirir. /konkret.az/