Havalar soyusa da tikinti sektorunda işlər zəifləməyib. Bəlkə də bu səbəbdəndir ki, payız aylarında da tikinti materiallarının qiymətlərində sabitləşmə nəzərə çarpmır.
Əksinə bir çox tikinti materialları bahalaşmaqda davam edir.
Bəs, son aylarda ən çox bahalaşan tikinti məhsulları hansılardır?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc deyib ki, tikinti materialları ənənəvi olaraq ildə bir neçə dəfə bahalaşır:
“Birinci qiymət artımı tikintinin aktivləşdiyi dövrdə - fevralın sonu və martın əvvəllərində baş verir. İkinci qiymət artımı yay aylarında - tikinti bumu zamanı olur. Üçüncü qiymət artımı isə oktyabr ayına təsadüf edir.
Rəsmi məlumatlara görə, təkcə oktyabr ayında tikinti məmulatlarının qiyməti 3,8 faiz artıb. Halbuki bu ilin geridə qalan dövründə tikintinin həcmi 6,8 faiz azalıb. Ona görə də son qiymət artımı tikintinin həcminin artması ilə bağlı deyil. Faktiki olaraq tikintinin həcmi zəifləyib. Amma loqistik xərclər, sahibkarın mənfəəti artırmaq üçün həyata keçidiyi marjalar ümumi qiymət artımına səbəb olub.
Ən çox bahalaşan boyalar, dam örtükləri və parket ləvazimatları olub.
Onu da əlavə edim ki, həm işçi qüvvələri, həm də əksər tikinti materialları ilbəil bahalaşır. Bu da daha çox manatın alıcılıq abilliyyətinin azalmasıyla bağlıdır. Qiymət artımını şərtləndirən digər amil dünya bazarındakı tendensiyalardır. Bilirsiniz ki, bir sıra tikinti materiallarını xaricdən alırıq. Ona görə də dünya bazarında baş verən dinamika daxili bazara da öz təsirini göstərir”.