İstilik tarifləri 50 faiz artıb – Rəsmi açıqlama


Azərbaycanda 2026-cı ilin yanvar-oktyabr aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,4% artıb.

Bu barədə Dövlət Statistika Komitəsinin istehlak qiymətləri indeksinə dair məlumatında bildirilir.

Hesabat dövründə xidmətlər üzrə ən yüksək qiymət artımı mərkəzi isitmə xidmətində qeydə alınıb. Belə ki, bu xidmətin qiyməti illik müqayisədə 50% yüksəlib.

Elektrik enerjisi təchizatı xidmətinin qiyməti 10%, ev və məişət xidmətlərinin qiyməti 6,8%, tibbi xidmətlərin qiyməti 6,6%, məişət cihazlarının təmiri xidmətinin qiyməti isə 6% artıb.

Stomatoloji xidmətlər 7,5%, xəstəxana xidmətləri 3,8%, bərbərxana və kosmetoloji xidmətlər 9,3% bahalaşıb.

Restoran və kafelərin yeməklə təmin edilmə xidmətlərinin qiyməti 7,5%, mehmanxana xidmətlərinin qiyməti 3,5% yüksəlib.

Təhsil xidmətlərində də qiymət artımı qeydə alınıb. Ödənişli ali təhsil və səviyyəcə müəyyən edilməyən təhsil haqları 5,2%, ödənişli məktəbəqədər təhsil müəssisələrinin xidmətləri isə 7,2% bahalaşıb.

Bununla yanaşı, soyuq su təchizatı, zibilin daşınması və kanalizasiya xidmətlərinin qiymətlərində dəyişiklik olmayıb.

Bəs, mərkəzi isitmə xidmətində qiymətlər niyə 50% yüksəlib?

2025-ci ilin noyabr ayından etibarən mərkəzi isitmə sisteminə qoşulan mənzillər üzrə qiymətlər Tarif Şurasının qərarına əsasən artırılıb.

Belə ki, noyabr ayından etibarən sayğacsız abonentlər bir kvadratmetr sahə üçün 45 qəpik vəsait ödəyirlər. Noyabra qədərsə bu tarif 30 qəpik olub.

Bundan başqa sayğacı olan mənzillər üzrə bir okal üçün 21.00 manat müəyyən edilib. Halbuki, əvvəllər bu tarif 14,6 manat idi.

Göründüyü kimi mərkəzi istilik xidmətlərinin qiyməti 50 % artıb.

Məsələ ilə bağlı “Azəristiliktəchizat” ASC-yə sorğu göndərdik. Sorğumuza cavabolaraq Bizim.Media-ya bildirilib ki, əhali üçün istilik enerjisi tarifini müəyyən etmək Tarif (qiymət) Şurasının səlahiyyətindədir:

““Azəristiliktəchizat” ASC təsdiq edilmiş tarifi tətbiq edir. Qaz və elektrik enerjisinin tariflərinə müxtəlif illərdə yenidən baxıldığı halda, əhali üçün istilik tarifi 2011-ci ildən 2025-ci ilin əvvəlinədək dəyişməyib. Bu müddətdə enerji resursları, material və avadanlıq bahalaşıb, əməkhaqqı və təmir xərcləri artıb. Hazırkı tarif uzun illər qüvvədə qalan məbləğlə müqayisədə yüksək görünə bilər. Bununla belə, sayğac olmayan mənzildə sakin hər kvadratmetr üçün ayda 45 qəpik ödəyir.

Tarif Şurasının 2025-ci il dərc etdiyi məlumatda xidmətin maya dəyəri 1 manat 10 qəpik, fərdi isitmə xərci isə üsuldan asılı olaraq 1 manatadək göstərilib. Ölkədə ailələrin əksəriyyəti evini fərdi qaydada isidir. Beləliklə, abonentlərimizin aylıq isitmə xərci ortalama fərdi istilik istifadəçisi ilə müqayisədə kifayət qədər aşağıdır.

Mərkəzi isitmə tarifinin maya dəyərindən aşağı saxlanması isə ümumi dövlət büdcəsindən ayrılan subsidiya hesabına mümkündür. Tarifin maya dəyərinə yaxınlaşdırılması xidmət xərclərinin daha çox hissəsini ödənişlərlə qarşılamağa və büdcənin üzərinə düşən yükü azaltmağa imkan verir”.


MANŞET XƏBƏRLƏRİ