Azərbaycan Respublikasının Türkiyə Səfirliyi nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzi, İstanbul şəhəri Küçükçəkməcə rayon Bələdiyyəsi və İstanbuldakı "Hazarfem" Dərnəyinin təşkilatçılığı ilə dünən İstanbul şəhər Küçükçəkməcə Bələdiyyəsi Mədəniyyət Mərkəzində "Azərbaycan İncəsənət Həftəsi" çərçivəsində Azərbaycanlı sənət adamlarının iştirakı ilə "İki dövlət bir səhnə, qardaş melodiyaları" adlı musiqili tədbir keçirildi.
Azərbaycandan gələn müğənnilər İlahə Qasımova, İlkin Dövlətov, sənətçilər Məqsəd Əzimov, İdris Hüseynov, Zəki Vəliyev, Nurəddin Tağıyev, Vəfadar Ramizzadə, Vasif Hüseynov və "Zəngəzur Azərbaycan xalq rəqsləri qrupu" ifaları ilə İstanbulluları riqqətə gətirdi. Müğənnilərimizin ifa etdikləri Azərbaycan və Türk mahnılarından ibarət repertuarı iştirakçılar tərəfindən böyük coşqu və alqışlarla qarşılandı. Tədbirdə eyni zamanda müasir Azərbaycan rəssamların əsərlərindən ibarət sərgi nümayiş etdirildi. İki dövlət, bir millət olaraq qardaşlığımızın tərənnümü olan bu gözəl gecədə həm Azərbaycandan, həm Türkiyədən bir çox qonaq iştirak edirdi. Azərbaycan Respublikasının Mədəniyyət naziri Adil Kərimlinin bu məsələlərə xüsusi diqqət ayırdığını vurğulayan qrupun rəhbəri, "Xan Şuşinski Fondu"nun sədri Məryəm Hüseynova ilə söhbətimiz zamanı bildirdi ki: "Bundan sonra belə tədbirlər daha sıx fasilələrlə təşkil olunacaq. Bu qardaşlığımızın mədəniyyət sahəsindəki ən gözəl təzahürlərindən biridir".
P. S. Mən uzun illər İstanbulda yaşayan azərbaycanlı olaraq demək istəyirəm ki, bir araya gəldiyimiz belə konsert proqramlarına uzun zamandır ehtiyac duyurduq. Bunun üçün Səfirliyimiz nəzdində fəaliyyət göstərən Mədəniyyət Mərkəzimizə və İstanbul Baş Konsulluğumuza təşəkkür edirəm.
Yaqut Misirxanlı
İstanbul



