Bu şəxslərin əməkhaqqından gəlir vergisi TUTULMAYACAQ


Texnologiyalar parkının rezidentlərində çalışan fiziki şəxslər üçün vergi güzəşti müəyyənləşir.

Turkustan.az xəbər verir ki, bu msələ Milli Məclisin bugünkü plenar iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində əks olunub.

Layihəyə əsasən, 2027-ci il yanvarın 1-dən 20 il müddətində texnologiyalar parkının rezidentlərində, o cümlədən texnologiyalar parkından kənar fəaliyyət göstərən rezidentlərində bu fəaliyyətin məqsədləri üçün çalışan fiziki şəxslərin muzdlu işdən əldə edilən aylıq gəlirlərindən gəlir vergisi 0 faiz dərəcəsi ilə tutulacaq.

Dəyişikliklərdə iri sahibkarlıq subyektləri üçün isə əlavə şərtlər müəyyən edilir. Belə şirkətlər güzəştlərdən ixrac gəlirlərinin ümumi gəlirlərində müəyyən ediləcək minimum xüsusi çəkiyə malik olması və ixracdan əldə edilən vəsaitlərin Azərbaycandakı bank hesablarına köçürülməsi şərti ilə yararlana biləcəklər.

Vergi güzəştləri 2027-ci il yanvarın 1-dən texnologiyalar parkının rezidenti şəhadətnaməsini alan və qeyri-dövlət sektoruna aid edilən, eləcə də səhmlərinin və ya paylarının 51 və daha artıq faizi birbaşa və ya dolayısı ilə dövlətə məxsus olmayan texnologiyalar parkının rezidentlərinə münasibətdə tətbiq ediləcək.

Qanun layihəsi səsə qoyularaq bir oxunuşda qəbul edilib.


MANŞET XƏBƏRLƏRİ