Bölgədə gərginlik: İran Hörmüz boğazını bağlayır, ABŞ danışıqlara hazırlaşır


ABŞ ilə İran arasında diplomatik fəaliyyətin gücləndiyi bir vaxtda bölgədə gərginliyin artdığı bildirilir.

Turkustan.az xəbər verir ki,İran İnqilab Keşikçiləri ABŞ-ın öhdəlikləri pozduğunu iddia edərək Hörmüz boğazının tankerlərin hərəkəti üçün bağlandığını elan edib.

İranın Xatəmül-Ənbiya Qərargahının Mərkəzi Komandanlığının bəyanatında ABŞ-ın razılaşmaları yerinə yetirmədiyi, İsrailin isə Cənubi Livanda atəşkəsi pozduğu iddia olunub. Bəyanatda Hörmüz boğazının gəmiçilik və dəniz nəqliyyatı üçün bağlandığı, bunun isə ilkin addım olduğu və gələcəkdə əlavə tədbirlərin görülə biləcəyi qeyd edilib.

Eyni zamanda ABŞ tərəfi İranın bu addımını təsdiqləyən hər hansı dəlilin olmadığını bildirib. ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens isə İranla danışıqların bazar günü baş tuta biləcəyini açıqlayıb və yaxın günlərdə İsveçrəyə səfər planlaşdırdığını deyib.

Vens həmçinin atəşkəsin davam edəcəyinə ümid etdiyini vurğulayaraq, Hörmüz boğazının bağlandığına dair məlumatların təsdiqlənmədiyini qeyd edib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ