Avtobuslarda NFC ilə ödəniş zamanı problem yaranıb.
Turkustan.az xəbər verir ki, bu isə sərnişinlərin narazılığına səbəb olur. Belə ki, kart aktiv olduğu halda ödəniş zamanı validatorun monitorunda “məhdudlaşdırılıb” bildirişi görünür və sərnişin ödəniş edə bilmir. Sərnişinlər bu halın mütəmadi təkrarlanmasından şikayət edirlər.
Məsələ ilə bağlı Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq “BakuBus” MMC açıqlama verib. Bildirilib ki, bank tərəfindən daxil olan sorğular əsasında kartın ictimai nəqliyyatda “məhdudlaşdırılıb” statusu alması təhlükəsizlik və risklərin idarə olunması mexanizmləri çərçivəsində həyata keçirilir. Sorğu mərkəzi ödəniş sisteminə ötürüldükdən sonra kartın ictimai nəqliyyatda ödəniş məqsədilə istifadəsi bank tərəfindən müvəqqəti olaraq dayandırılır və bu zaman validatorun ekranında müvafiq bildiriş əks olunur.
Qeyd olunub ki, bu məhdudiyyət kartın tam deaktiv edilməsi demək deyil. Kart digər ödəniş əməliyyatları üçün aktiv qala bilər, yalnız ictimai nəqliyyatda NFC əsaslı ödənişlər üzrə istifadə müvəqqəti bloklanır. Məhdudiyyət bank tərəfindən aradan qaldırıldıqdan sonra isə kartın ictimai nəqliyyatda istifadəsi avtomatik bərpa olunur.
Problemin daimi həlli ilə bağlı sualı cavablandıran qurum isə bunun sistemin işləmə prinsipi olduğunu bildirib.