Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri, Azərbaycanın ilk Baş naziri Fətəli xan Xoyskinin (1875-1920) qətlindən 105 il ötür. Görkəmli siyasi xadim 1920-ci ilin iyunun 19-da Tbilisidə “erməni soyqırımı”na görə intiqam aktını həyata keçirən “Nemezis” əməliyyatı çərçivəsində “Daşnaksütyun” partiyasının üzvləri olan terrorçular - Aram Yerkanyan və Misak Kirakosyan tərəfindən öldürülüb. Xoyskinin məzarı Tbilisinin Nəbatat bağı ərazisindəki görkəmli azərbaycanlıların panteonunda yerləşir.
Xoyskinin qətli barədə əksər azərbaycandilli mənbələrdə onun Tbilisinin o vaxtkı İrəvan (hazırkı Azadlıq) meydanı və yaxud keçmiş Qolovin (indiki Rustaveli) prospektində Tbilisi Opera və Balet Teatrının binası yaxınlığında güllələndiyi və onun hadisə yerində öldüyü iddia edilsə də, qətldən üç gün sonra Gürcüstanda o zaman nəşr olunan qəzetlər bu iddiaları təkzib edir. 1920-ci ilin iyunun 19-u həftənin şənbə günü olub və qəzetlər hadisə barədə məlumatı yalnız çərşənbə axşamı - iyunun 22-də yayıblar.
Teleqraf-ın yerli bürosu Gürcüstan Milli Kitabxanasının dövri mətbuat arxivindən Xoyskinin qətlinin təfərrüatlarının tam təsvir olunduğu həmin qəzet məlumatlarını əldə edib.
Qətl gecə saat 11-də törədilib, Xoyski xəstəxanaya çatdırılıb
Qətl hadisəsi haqqında məlumatlara gürcüdilli “Sakartvelos Respublika” (“Gürcüstan Respublikası”) və “Kommunist” qəzetlərinin 1920-ci il 22 iyun tarixli saylarında rast gəlinir. Eyni “Xan Xoylunun qətli” başlıqlı və təqribən eyni məzmunlu məlumatlara əsasən, Fətəli xan Xoyski iyunun 19-da gecə saat 11-də Tiflisin Feodosiya küçəsində tapanсa ilə vurulub, ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
“Sakartvelos Respublika” qəzetindəki həmin xəbər:
“Şənbə günü (19 iyun) ikinci rayonun komissarı Tiflis şəhər milisi, şəhər rəhbərliyi, rayon məhkəməsi prokuroru, yoldaş prokurora və birinci rayonun müstəntiqinə bu məlumatı verib:
Bu gün gecə saat 11-də Feodosiya küçəsində cinayətkarlar Azərbaycanın keçmiş naziri Xan Xoylunu tapanca ilə ağır yaralayıblar. İstintaq davam edir. Cinayətkarların müəyyən edilməsi üçün tədbirlər görülüb. Hökumət üzvləri Feodosiya küçəsində baş vermiş cinayət barədə dərhal məlumatlandırılıb. Qətlin mümkün qədər təfərrüatlarını araşdırmaq və aydınlaşdırmaqla bağlı qəti əmr verilib. İstintaq başa çatandan sonra hökumətin iş üzrə hesabatı olacaq.
Xan Xoylu saat 12 radələrində Mixeil xəstəxanasına çatdırıldı. Onun huşu qayıtmadı və iyunun 20-də səhər saat 4-də dünyasını dəyişdi. Meyiti iyunun 21-də səhər saat 11-də təhvil verildi. Mərhum müsəlman qəbirstanlığında dəfn olundu. Xan Xoylunun yol yoldaşı Xəlil Xasməmmədov yüngül yaralar alıb, vəziyyəti yaxşılaşır”.
“Kommunist” qəzetinin məqaləsində isə Xoyskini yolda müşayiət edən bir qadının da yüngül yaralandığı yazılıb. Həmin qadının kimliyi qeyd edilməyib.
Hadisənin baş verdiyi küçə
Xoyskinin qətlinə şahidlik etmiş Feodosiya küçəsi Tbilisinin hazırkı Mtatsminda rayonundakı Vano Saracişvili küçəsinin keçmiş adıdır. Mərkəzi Rustaveli prospekti yaxınlığında yerləşən küçəyə bu ad 1910-cu ildə müqəddəs Feodosi Çerniqovski adına rus pravoslav kilsəsinin inşasından sonra verilib. Küçə Feodosiya adını 1923-cü ilədək daşıyıb.
Küçəyə 1960-cı illərin əvvəllərində Gürcüstanın Xalq artisti, opera müğənnisi Vano Saracişvilinin adı verilib. Rus pravoslav kilsəsi isə 1920-ci illərin ortalarına qədər fəaliyyət göstərib. Sovet dövründə kilsədə Tbilisi Tarix Muzeyi, Şahmat Sarayı və digər təşkilatlar yerləşib. Keçmiş kilsə binası günümüzə qədər gəlib çatıb, burada müxtəlif özəl şirkətlərin ofisləri yerləşir.
Xoyskinin son nəfəsini verdiyi xəstəxana
Mixaylov xəstəxanası Tiflsin ilk şəhər xəstəxanası olub. Tikintisi 1865-ci ildə başa çatıb, xəstəxana kimi rəsmən 1868-ci ilin noyabrın 8-də təsis edilib. 1882-ci ildə Mixaylov adı verilib. Yerləşdiyi küçə də bu adı knyaz Mixail Nikolayeviç Romanovun şərəfinə daşıyıb. 1918-ci ildə marksist filosof Georgi Plexanovun şərəfinə Plexanov prospekti adlandırılıb, 1990-cı ildə isə David Ağmaşenebeli adı verilib. 2009-2011-ci illərdə prospekt əsaslı şəkildə bərpa olunub.
Keçmiş Mixaylov xəstəxanasının binası yerli əhəmiyyətli tarixi-mədəni irs abidəsi statusuna malikdir. Günümüzə qədər gəlib çatıb, David Ağmaşenebeli küçəsi 60 a ünvanında yerləşir. Xəstəxana 2012-ci ildən fəaliyyətini dayandırıb. Tarixi bina 2018-ci ildə “Mehmanxana üçün 50 obyekt” dövlət proqramı çərçivəsində hərraca çıxarılıb. 2022-ci ildə gürcüəsilli rusiyalı iş admı Şalva Breus binanı təxminən 5 milyon ABŞ dollarına əldə edib. Tikilidə müasir incəsənət muzeyinin yaradılması planlaşdırılırsa da, binada bu günədək hər hansı bir tikinti-bərpa layihəsi həyata keçirilməyib. Tarixi tikili hazırda baxımsız və acınacaqlı vəziyyətdədir.
Həsən bəy Ağayevin qətli
Fətəli xan Xoyskinin qətlindən bir ay sonra Tiflisdə AXC-nin digər qurucusu olmuş Həsən bəy Ağayev də eyni erməni terrorçularının qurbanı olub. Xoyskinin qətlə yetirilməsindən bir ay keçsə də, Aram Yerkanyan və Misak Kirakosyanhələ tutulmamışdı.Tiflis Fətəli xan Xoyski kimi Həsən bəy Ağayevin də son mənzilinə çevrilir. Hər iki görkəmli dövlət xadiminin məzarı panteonda yanyanadır.
Ağayevin iyulun 19-da qətlə yetirildiyi bildirilsə də, “Sakartvelos Respublika” qəzetinin 21 iyul 1920-ci il tarixli sayında dərc olunmuş xəbərdən məlum olur ki, qətl iyulun 20-də gecə saatlarında törədilib.
Həmin xəbər:
“Azərbaycan Respublikası parlamentinin keçmiş sədri cənab Ağayev iyulun 20-də gecə saat 2-də naməlum şəxslər tərəfindən Brosse küçəsində qətlə yetirilib. Meyit Mixaylov xəstəxanasına aparılıb. Qətli törədənlərin axtarışı üçün tədbirlər görülür”.
Brosse küçəsi bu gün də bu adı daşıyır, Kür çayının Zviad Qamsaxurdiya adına sağ sahilboyu yaxınlığında yerləşir. Əvvəlki adı Vodovoznaya olub. Küçə fransızəsilli rusiyalı şərqşünas Mari Brossenin şərəfinə 1902-ci ildə 100 illik yubileyi münasibətilə görkəmli gürcü ədib, ictimai xadim İlya Çavçavadzenin təşəbbüsü ilə adlandırılıb.
Qeyd edək ki, yuxarıda göstərilən mətbuat xəbərlərinə Türk Mədəniyyəti və İrsi Fondunun aparat rəhbəri, tarix elmləri doktoru Fəxri Valeh oğlu Hacıyevin (Fəxri Valehoğlu) “Azərbaycan-Gürcüstan münasibətləri (1918-1922-ci illər): Diplomatik missiyaların fəaliyyəti prizmasından baxış” adlı kitabında da rast gəlinir. Həmin nəşrdən məlum olur ki, Tiflis şəhər milisi vəzifəsini icra edən S.N.Mikeladzenin əmri ilə post milisləri İlya Kançaveli, Nikolay Kebadze və Porfiri Ramfopulo Xoyskinin qətli ilə bağlı yol verdikləri səhlənkarlığa görə milis orqanlarında xidmətə yararsız hesab olunub işdən azad edilib, eyni zamanda 1 aylıq həbslə cəzalandırılıblar. Həsən bəy Ağayevin qətlinin istintaqı isə Tiflis Məhkəmə Dairəsinin prokurorunun qərarı ilə mühüm işlər üzrə müstəntiq Dilevskiyə həvalə olunub.
Tiflisdə törətdikləri qətllərə görə muzdlu canilər - Aram Yerkanyan və Misak Kirakosyan cəzasız qalıblar. Yerkanyan Ermənistanda sovet hakimiyyətinin qurulmasından sonra Avropaya mühacirət edib. O, 1934-cü ildə Argentinada vərəmdən ölüb. Kirakosyanın isə Xoyski və Xasməmmədova qarşı törədilmiş terror aktı zamanı yaralandığı bildirilir. Daşnak terrorçusunun sonrakı taleyi barədə açıq mənbələrdə məlumatlara rast gəlinmir.
Panteon barədə məlumatlandırılma artırılmalıdır
Sonda bir məqamı vurğulamağımız zəruri olardı. Tbilisinin Botanika bağı şəhər sakinləri və turistlərin ən çox ziyarət etdiyi məkanların siyahısında ilk yerlərdən birini tutur. Bu guşə soydaşlarımız, Azərbaycandan Gürcüstana səfər edənlərlə yanaşı, əcnəbilərin də marağını cəlb edir. Amma təəssüflər olsun ki, məzarlıqda uyuyan azərbaycanlıların kimliyi haqqında məlumatlar yalnız Azərbaycan dilindədir. Xarici ziyarətçilər panteondakı məzarların hansı görkəmli şəxsiyyətlərimizə aid olduğunu heç təsəvvür edə bilmirlər. Məzarlığın girişində AXC-yə həsr olunan və vaxtilə müsəlman qəbiristanlığında dəfn olunanların siyahısının yer aldığı xatirə daşında da məlumat kiril qrafikalı Azərbaycan dilindədir.
Xatirə abidəsinin abadlaşdırılaraq yenilənməsinə ehtiyac var. Lövhələrə isə gürcü, ingilis və rus dillərində məlumatın yer aldığı QR-kodların yerləşdirilməsi kifayət edər. Xoyski və Ağayevin məzarları yaxınlığında və yaxud abidələrinin postamentləri üzərində quraşdırılması mümkün olan lövhəciklərdə onların Azərbaycan dövlətinin qurulmasındakı xidmətləri ilə yanaşı, hər ikisinin erməni terrorçuları tərəfindən qətlə yetirilməsi barədə məlumat da mütləq qeyd olunmalıdır. İrəvanda “Nemezis” əməliyyatının “qəhrəmanlarının xatirəsinə” abidənin açıldığı 2023-cü ildə belə bir ideya yaransa və müzakirə olunsa da, bu günə qədər reallaşdırılmaması böyük təəssüf doğurur.
Qeyd etmək yerinə düşər ki, Tbilisidə erməni yazıçılar, rəssamlar və ictimai xadimlərin dəfn olunduğu Xocivank məzarlığı azərbaycanlıların panteonu ilə müqayisədə daha abad və müasir görünür.
2024-cü ildə Tbilisi şəhər şurası və Ermənistanın Gürcüstandakı səfirliyinin dəstəyi ilə məzarlıqda bərpa və abadlaşdırılma işləri həyata keçirilib. İşlər çərçivəsində panteonun girişində məzarlıqda dəfn olunanların siyahısının erməni, gürcü və ingilis dillərində yer aldığı böyük lövhə də quraşdırılıb. Bununla yanaşı, səfirliyin təşəbbüsü ilə panteon haqqında üç dildə sayt yaradılıb. Onlayn resursda məzarlıq, burada uyuyanlar haqqında ətraflı məlumatlar, hətta virtual tur da yer alıb. Vebsayta panteondakı lövhədə yerləşdirilmiş QR-kod vasitəsilə də daxil olmaq mümkündür, bu da ziyarətçilərə məzarlıqda olarkən məkan haqqında məlumatları dərhal əldə etmək imkanı verir.
Görkəmli azərbaycanlıların panteonunu ziyarət edənlər üçün isə bu cür müasir və çoxdan populyarlaşmış vasitə hələ də əlçatan deyil. İdeya haqqında danışmaqdan daha çox həyata keçirilməsi üçün konkret addımlar atmaq, başqa sözlə desək, danışıqdan əmələ keçmək tələb olunur. Danışmağa sərf etdiyimiz vaxtı digərləri, bu müqayisədə ermənilər ideyanın reallaşdırılmasına sərf edirlər. Amma bu yaxınlarda bir ümid yaranıb. Tbilisidəki Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyinin hazırlanmaqda olan saytına panteon haqqında da məlumat daxil ediləcək. Saytın tam istifadəyə verilməsindən sonra panteonda QR-kod lövhələrin quraşdırılması məsələsinin qonşudan geri qalsaq da, yenidən gündəmə gətiriləcəyini gözləmək olar.