Pensiya alanların NƏZƏRİNƏ: Təqaüdünüzdən vergi tutulacaq?


Bəzi ölkələrdə yaşlıların pensiyasına vergi tətbiqi təcrübəsi mövcuddur. Bəs bu, Azərbaycanda reallaşa bilərmi?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı Rəşad Həsənov bildirib ki, dünyada pensiyalara vergi tətbiq edilməsi ilə bağlı geniş yayılmış təcrübə yoxdur:

Büdcə gəlirlərinin icrasında yüksək göstərici - "İki sahil"

“Ümumiyyətlə, dünya təcrübəsində pensiyalara vergi tətbiq edilməsi ilə rastlaşmamışam. Belə bir təcrübəni görməmişəm. Azərbaycanda da bu istiqamətdə hətta təşəbbüslərin səsləndirilməsini belə doğru hesab etmirəm.”

Ekspertin sözlərinə görə, ölkədə orta pensiya məbləği və minimum pensiya əlçatanlığı kifayət qədər aşağıdır:

“Belə bir şəraitdə pensiyalardan hər hansı tutmanın, yəni vergiyə cəlb edilmənin doğru olmadığını düşünürəm. Bu, nə hazırkı qanunvericiliklə mümkündür, nə də sosial baxımdan əsaslandırıla bilər.”

Rəşad Həsənov əlavə edib ki, gələcəkdə də bu istiqamətdə təşəbbüslərin gündəmə gətirilməsi və ya hüquqi formada hazırlanması məqsədəuyğun deyil:

“Azərbaycanda əsas görüləcək işlər pensiya sisteminin əlçatanlığının artırılması, pensiya məbləğlərinin layiqli səviyyədə təmin olunması və əhalinin ahıllıq dövründə rifah göstəricilərinin yüksəldilməsi istiqamətində olmalıdır.”


MANŞET XƏBƏRLƏRİ