Son zamanlar iş günü və iş saatı ilə bağlı müzakirələr çoxalıb. Bəziləri hesab edir ki, Azərbaycanda da 4 günlük iş həftəsinə keçməyin zamanı gəlib. Digərləri isə hesab edir ki, günlük iş saatı azaldılmalıdır. Başqa bir təklifsə ondan ibarətdir ki, işçi nahar fasiləsinə çıxmadan işləyərsə, onun işdən bir saat tez getməsinə şərait yaradılsın.
Mövzu ilə bağlı Bizim.Media-ya danışan hüquqşünas Əkrəm Həsənov deyir ki, bu ilk növbədə işəgötürənlə işçi arasında bağlanmış müqavilənin şərtlərindən asılıdır:
“Yəni bu məsələ iş yerinin daxili intizam qaydalarından asılı bir məsələdir.
İşəgötürən qayda müəyyən edibsə ki, saat 13:00-dan 14:00-dək nahar fasiləsidir və bu vaxtda sən nahara çıxmayıb işləyirsənsə, bu o demək deyil ki, sən nahar fasiləsində işlədiyin üçün işdən tez getməlisən. Xeyr! Çünki işəgötürən üçün iş saatı 9:00-dan 18:00-dəkdir. Bunun da bir saatı nahar fasiləsidir. Hər bir işçi nahar fasiləsindən istifadə etmək hüququna malikdir.
Amma nahar fasiləsinin vaxtını dəyişmək yalnız işəgötürənin razılığı əsasında mümkündür.
Yəni sən öz rəhbərinlə razılığa gələ bilərsən ki, “nahar fasiləsində işləyəcəm, əvəzində isə işdən bir saat tez gedəcəm”. Başqa halda bu əmək intizamının pozulması kimi qiymətləndirilə bilər”.