Bakı və İrəvan qərar verməlidirlər – Rusiya sülh üçün elə bir təklif irəli sürdü ki…


Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin direktor müavini Andrey Nastasin keçirdiyi brifinqdə jurnalistlərə deyib ki, Moskva Bakı və İrəvanı Cənubi Qafqazda tezliklə sülh və rifaha nail olmaq üçün qarşılıqlı məqbul həll yollarının tapılmasına diqqət yetirməyə çağırıb.

Mövzunu Globalinfo.az-a şərh edən siyasi şərhçi Kənan Novruzov deyib ki, “məqbul həll yolları” ifadəsi düzgün deyil:

“Bununla Kreml demək istəyir ki, Bakı və İrəvan məsələyə güzəştli yanaşmalıdır və kompromis əldə olunmalıdır. Lakin heç bir kompromisdən söhbət gedə bilməz. Azərbaycanın şərtləri məlum və konkretdir. Ən əsas şərt isə Ermənistanın ərazi iddialarından əl çəkərək, konstitusiyasında dəyişiklik etməsidir. Amma İrəvan qarşısında Bakının heç bir öhdəliyi yoxdur, beynəlxalq hüquqa uyğun olaraq Ermənistana ərazi iddiası ilə yanaşmır. Digər tərəfdən Rusiya rəsmiləri ABŞ və Aİ-ni regionda destruktiv mövqedə ittiham edir. Bu doğru yanaşmadır. Tarixi təcrübə də bunu sübut edir”.

Siyasi şərhçinin sözlərinə görə, regionda sülhün əldə edilməsi ABŞ və Aİ-yə sərf etmir:

“Bu onların regiondakı təsir rıçaqlarının azalması deməkdir. Hər iki tərəfin təsir dairəsi konfliktlə təmin olunur. Bunun üçün də İrəvanı şirnikləndirib öz tərəflərinə çəkməklə diqtə etməyə başlayırlar. Rusiyanın da sülhdə səmimi olmadığını düşünürəm. Lakin indiki halda Qərbdən daha çox Moskvanın sülhə maraqlı yanaşdığı müşahidə edilir. Çünki ehtimal olunan müqavilə Rusiyanın vasitəçiliyi ilə imzalanarsa, Moskva Cənubi Qafqazda təsir imkanlarını artıracaq. Ən əsası, Qərbin regiona təsirinin də qarşısı alınmış olacaq”.


MANŞET XƏBƏRLƏRİ