İki gün qaldı – 4 kəndimiz vaxtında qaytarılmasa...


Baş nazir Nikol Paşinyanın Azərbaycanın 4 kəndi ilə bağlı bir neçə gün qabaqkı məlum açıqlaması ətrafında qonşu ölkədə siyasi intriqa səngimir. Gözlənildiyi kimi, əsasən Rusiyayönlü qüvvələr, o sırada Qarabağ klanı, həmçinin Moskvaya bağlı “5-ci kolon”çular və təbii ki, daşnaklar əməlli-başlı əl-ayağa düşüb.

Hələ harasıdır, sabiq müdafiə naziri, Xocalı hərbi canisi Seyran Ohanyan ordunu N.Paşinyanın əmrinə tabe olmamağa çağırıb. Sanki söhbət beynəlxalq miqyasda təsdiqlənmiş qanuni ərazilərimizin qaytarılmasından yox, Azərbaycanın Ermənistana hücum hazırlığından gedir...

Revanşist-radikalların, “müharibə partiyası”nın həşiri, qara-qışqırıq salması məntiqlidir. Ən azı o baxımdan ki, kəndlərin öz halal sahibinə təhvil verilməsi əslində erməni cəmiyyəti üçün çox ciddi test olacaq. Erməni toplumun nə dərəcədə Azərbaycanla sülh və barışıq içində yaşamağı arzuladığını, yoxsa yenə müharibə istədiyini üzə çıxaracaq. Eyni zamanda, Ermənistan konstitusiyasının beynəlxalq hüquqa uyğunlaşdırılmasına onun razı olub-olmayacağını göstərəcək. Hər halda dəniz suyunun dadını bilmək üçün damla da yetərli.

Destruktiv müxalifətin ayaqlanmasında Moskvanın ənənəvi “barmağı” da unudulmamalıdır. Rusiya XİN sözçüsü Mariya Zaxarovanın Nikolun 4 kəndlə bağlı bəyanatına reaksiyası yadınızda? Zaxarova baş nazirin açıqlamasını pisləməklə faktiki kəndlərin qaytarılması əleyhinə çıxmış, “5-ci kolonçu”ları daha da qızışdırmışdı...

Bu gün isə Cenevrədə Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri – Sahibə Qafarova və Alen Simonyan arasında görüş gözlənilir. Əlbəttə, tərəflər arasında yüksək səviyyəli istənilən ikitərəfli, vasitəçisiz görüş təqdir olunmalıdır. Çünki hər necə olmasa, ümumi işə daha tez faydası dəyə bilər, nəinki çoxtərəfli təmaslar. Dəfələrlə yazmışıq, vasitəçi nə qədər qərəzsiz olsa da, yenə öz vasitəçiliyindən nəsə umur. Xüsusən də Güney Qafqaza “dal qapı”dan girmək istəyənlər.

Ancaq birbaşa təmaslar o vaxt faydalı olar ki, iki tərəf sülh müqaviləsində və ya hansısa çərçivə sənədində bərabər dərəcədə maraqlı, sülh gündəminə eyni səviyyədə sadiq olsun. Bakının beynəlxalq hüquqa əsaslanan mövqeyi, sülh gündəliyi çoxdan bəlli. Əfsus ki, rəsmi İrəvan analoji konstruktiv yanaşmanı sərgiləmir.

Əksinə, “daşlaşmaqda” olan qənaət belədir ki, Ermənistan iqtidarı danışıqlarına bacardıqca vaxt udmaq və revanşa hazırlaşmaq fürsəti kimi baxır. Kapitulyant ölkənin son vaxtlar ABŞ, Fransa, Avropa Birliyi timsalında Qərbdə etibarlı “təhlükəsizlik çətiri” axtarması da müstəsna olaraq, bu bəd niyyətdən qaynaqlanır.

Halbuki Ermənistana belə bir qarantı məhz region ölkələri, özəlliklə Azərbaycan və Türkiyə verə bilər. Bundan ötrü iki qonşu ilə sülh müqavilələrinin imzalanması, onlara qarşı ərazi iddiasından imtina kifayətdir. Amma İrəvanın rəsmi şəxsləri 4 ildir bu əlçatan və asan variantı qoyub, Bakı və Ankaranın ona uzatdığı barışıq əlini havada saxlayıb, “dağda-daşda”, Qərbdə (ABŞ və Avropada) sülənirlər.

Deməli, hədəf heç də müharibə səhifəsini həmişəlik qapatmaq, böyük barışıq deyil...

Doğru, Alen Simonyan sülh prosesində əsas sima sayılmır. Amma o, ölkədə Azərbaycanla bağlı ovqata təsir edən, rəy yaradanlardandır. Amma baxın, ermənilərin bizimlə barışıqda, dinc-yanaşı yaşamaqda maraqlı olduğuna necə inanaq ki, həmin bu Simonyan S.Qafarova ilə görüşdən bir gün öncə (!) Brüsseldə Avropa Parlamentinin üzvləri, Azərbaycan əleyhinə şər-böhtan kampaniyasının önündə gedən Fransua Ksavye Bellami və Viola fon Kramon-Taubadeli Ermənistan parlamentinin “Şərəf” ordeni ilə təltif edib. Daha bir anti-Türkçü deputat, slovakiyalı Miriam Leksman da həmin ordenlə təltif olunacaq.

İndi buna nə ad qoyaq? Sülh prosesini baltalayanları mükafatlandırmaq nə demək? “O nə pəhriz, bu nə turşu”?

İki gün də gözləyək. Paşinyan “həftəsonu” söyləmişdi... /Musavat.com/


MANŞET XƏBƏRLƏRİ