Bayden-Ərdoğan görüşü niyə ləğv edildi – Versiya


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın mayın 9-na planlaşdırılan Vaşinqton səfirinin ləğv ediləcəyi bildirilir. Buna səbəb kimi isə ABŞ Prezidenti Co Baydenin iş cədvəlində Ərdoğanla görüşün nəzərdə tutulmaması göstərilir.

Mövzunu Globalinfo.az-a şərh edən politoloq Zeynal Əmrəliyev deyib ki, ABŞ və Türkiyə arasında müəyyən fikir ayrılıqları var:

“Zaman-zaman bu hallar daha çox müşahidə edilir. Xüsusilə də demokratların hakimiyyəti dövründə tərəflər arasında soyuqluq var idi. Demokratlar daha çox ermənipərəst mövqe sərgiləyirlər”.

Politoloqun fikrincə, Türkiyə və ABŞ arasında hər hansı gərginliyin yaşanması fonunda Bayden-Ərdoğan görüşünün ləğv edilməsi ehtimalı var:

“Lakin ABŞ Türkiyə ilə əlaqələrdə maraqlıdır. Regionda baş verən istənilən məsələdə rəsmi Ankaranın mövqeyi əhəmiyyətlidir. Çünki Türkiyə son zamanlar çox güclü xarici siyasət aparır və Rəcəb Tayyib Ərdoğanın şəxsi nüfuzu da bu məsələlərdə böyük önəm daşıyır”.

Z.Əmrəliyevin sözlərinə görə, ABŞ Türkiyə ilə müzakirələr apararaq əməkdaşlığı yenidən bərpa etməyə məcbur olacaq:

“Tərəflər arasında gələcəkdə gərginlik yaşanması qaçılmazdır. Hələ ki hər iki tərəfdən görüşün hansı səbəbdən baş tutmaması ilə bağlı rəsmi məlumat verilməyib”.


MANŞET XƏBƏRLƏRİ