60 illik düzən dəyişə bilər: Ərdoğanın çağırışı prosesi başladır


“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkdadır. O, amerikalı iş adamları və müxtəlif dövlətlərin liderləri ilə görüşlərə başlayıb. Ancaq Ərdoğanın Nyu-Yorka səfərinin əsas məqsədi bu həftə BMT Baş Assambleyasındakı çıxışı olacaq”.

Turkustan.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.

O bildirib ki, böyük ehtimalla Ərdoğan çıxışında yenə “dünya beşdən böyükdür” tezisini təkrarlayacaq:

“Ərdoğan BMT Təhlükəsizlik Şurasının (TŞ) daimi üzvlərinin sayının artırılmasını istəyir. Türkiyə ilə yanaşı Braziliya, Hindistan, Yaponiya, Almaniya kimi ölkələr də BMT TŞ-nın daimi üzvlüyünə iddialıdırlar. 60 il ərzində BMT-də struktur dəyişikliyi həyata keçirilməyib. Halbuki dünya çox dəyişib, Afrika, Cənubi Amerika və Asiyanın böyük hissəsi BMT Təhlükəsizlik Şurası daimi üzvlüyündə təmsil olunmayıb”.

Elxan Şahinoğlu

Politoloqun sözlərinə görə, Ərdoğanın çağırışına müsbət yanaşma var:

“Daimi üzvlərin hamısı, o cümlədən ABŞ, Rusiya, Fransa, Böyük Britaniya və Çin sıralarının genişlənməsinin əleyhinə deyillər. Ancaq Rusiya və Çin üzvlüyə Qərb ölkələrinin, eyni zamanda Almaniya və Yaponiyanın namizədliklərinin əleyhinədirlər. Pekinin Hindistanın daimi üzvlüyünə də müsbət yanaşdığını söyləmək çətindir. Halbuki Hindistan əhalisinin sayına görə Çini üstələyib. Hindistanın namizədliyini ABŞ da dəstəkləyir.

Beləliklə, BMT Təhlükəsizlik Şurası daimi üzvlərinin sayının artırılmasını hamı istəsə də, namizədlər məsələsində ciddi fikir ixtilafı mövcuddur. Bu səbəbdən də hazırkı daimi üzvlərin yeni üzvlərlə bağlı yekdil qərar verəcəyi çətindir”./Globalinfo.az


MANŞET XƏBƏRLƏRİ