Putindən diqqətçəkən açıqlama - “Bununla Türkiyə bayrağının yandırılmasına haqq qazandırır”


“Rusiya Prezidenti Vladimir Putinin qondarma soyqırımı ilə bağlı mesajı parlament seçkilərindən əvvəl Ermənistanın radikal müxalifətinə dəstək məqsədi daşıyır”.

Turkustan.az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu bildirib.

Ekspert qeyd edib ki, “erməni soyqırımı”na dəstək münasibətilə dünən və bu gün müraicət yayımlayan bir qisim dövlət başçısı bu hərəkətləri ilə dolayı yolla İrəvanın mərkəzi meydanında Türkiyə bayrağının yandırılmasına da haqq qazandırmış olur:

“Ermənistan Baş naziri Nikol Paşinyan “erməni soyqırımı” mövzusuna maraq göstərməzkən, “soyqırımın beynəlxalq səviyyədə tanınması hökumətin xarici siyasət prioriteti deyil” deyərkən, bəzi dövlət başçıları, o cümlədən Rusiya Prezidenti Vladimir Putin “papadan çox papa” olmaq istəyir.

Putinin “soyqırımı” ilə bağlı müraicətinin ruhu Ermənistanda parlament seçkilərindən əvvəl radikal müxalifətə dəstək anlamı daşıyır. Məsələn, Putin belə bir cümlə işlədib: “Ermənistanın oğul və qızlarının milli kimliklərini qoruyub saxlamağa davam edəcəklərinə əminliyimi ifadə edirəm”.

Bu cümləni belə də oxumaq olar: “Sizin baş naziriniz (Nikol Paşinyanı) milli kimlikdən uzaqlaşıb, ermənilərin düşmənləri ilə dostluq edir, ermənilərin milli kimliyi isə Rusiya ilə ittifaqın davamından keçir”.

Xatırladaq ki, Ermənistanda parlament seçkiləri iyunun 7-nə planlaşdırılıb./teleqraf


MANŞET XƏBƏRLƏRİ