Bakı və İrəvan arasında gizli danışıqlar – “Bu ərazilər qaytarılacaq, lakin…”


Azərbaycanla Ermənistan arasında illərdir davam edən sülh danışıqları Vaşinqtonda baş tutan üçtərəfli görüşdən sonra yeni mərhələyə qədəm qoyub. ABŞ-ın vasitəçiliyi ilə keçirilən son görüşlər nəticəsində tərəflər arasında ilkin razılaşma əldə olunub. Müqavilənin mətni ictimaiyyətlə də paylaşılıb ki, bu da prosesin şəffaf və irəliləyişə açıq olduğunu göstərir.

Lakin rəsmi sənədlərə baxmayaraq, danışıqlar tam yekunlaşmayıb. Bakı Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının ləğv edilməsini və ATƏT-in Minsk Qrupunun aradan qaldırılmasını tələb edir. Bu şərtlər isə hələlik tam həllini tapmayıb.

Buna baxmayaraq, 2024-cü ildə sərhədin müəyyən hissəsində delimitasiya prosesi baş tutub, dörd kənd Azərbaycana qaytarılıb və tərəflər arasında komissiyalar vasitəsilə iş davam etdirilir.

Rusiya, ABŞ və Aİ kimi aktorlar fonunda regionda Türkiyənin də fəal mövqeyi müşahidə olunur. BMT Baş katibi və Qazaxıstan kimi neytral tərəfdaşlar prosesin davamlı şəkildə irəliləməsini alqışlayır.

Azərbaycanla Ermənistan arasında sülh danışıqları ilə bağlı nə kimi yenilik var? Proses faktiki olaraq davam edirmi? Bakı–İrəvan təmasları hansı formada, hansı mexanizm üzərindən həyata keçirilir?

Globalinfo.az-a danışan politoloq Məhəmməd Əsədullazadə deyib ki, Ermənistanla Azərbaycan arasında Vaşinqton görüşündən sonra siyasi münasibətlərdə dinamika var:

“Demək olar ki, sülh gündəmi yaradılıb və bunun real praktik əsasda həyata keçirilməsi müzakirə olunur. Təbii ki, yekun sülh müqaviləsindən sonra siyasi əlaqələr tam bərpa ediləcək. Hazırda detallar müzakirə edilir və delimitasiya-demarkasiya məsələləri də gündəmdədir. Həmçinin Zəngəzur dəhlizinin açılması və xüsusilə də bu dəhlizdə infrastrukturun qurulması müzakirə edilir.

mehemmed esedullazadeee 900x574 1

Məhəmməd Əsədullazadə

Xarici işlər nazirlikləri arasında rabitə mövcuddur. Minsk Qrupunun buraxılması ilə bağlı BMT Baş katibinə ünvanlanan məktubun icrası həyata keçirilməlidir. Ermənistanda seçkilərdən əvvəl daxili siyasi vəziyyət kövrəkdir. Azərbaycan və Ermənistan bir çox məsələləri konfidensial şəkildə müzakirə edir. Çünki bəzi məsələlərin açıqlanması erməni müxalifətinin Baş nazir Nikol Paşinyanın əleyhinə istifadə etdiyi fürsətə çevrilə bilər”.

Politoloq bildirib ki, işğalda qalan anklav kəndlərin qaytarılması istiqamətində irəliləyişlər var:

“Düşünürəm ki, yaxın müddətdə anklav kəndlərin qaytarılması reallaşacaq. Prezident İlham Əliyev hərbi qələbəni siyasi qələbəyə çevirərək bütün məsələləri Azərbaycanın lehinə dəyişdi. Sözügedən kəndlərlə bağlı məsələ də maraqlarımıza uyğun şəkildə həllini tapacaq”.


MANŞET XƏBƏRLƏRİ