Kəlbəcərin işğaldan azad olunması Azərbaycan tarixində mühüm dönüş nöqtəsi olmaqla yanaşı, bölgənin boşaldılması prosesi zamanı yaşanan hadisələr erməni işğalçılıq siyasətinin əsl mahiyyətini bir daha üzə çıxardı.
Əraziləri tərk edərkən erməni silahlı dəstələri və mülki əhali Kəlbəcərdə genişmiqyaslı dağıntılar törədərək yanğınlar saldı, meşələri yandırdı, yaşayış evlərini viran qoydu, kənd təsərrüfatı sahələrini məhv etdi. Ən təhlükəli addımlardan biri isə minalama idi - geri qayıdan azərbaycanlı əhalinin həyatına ciddi təhlükə yaratmaq məqsədi ilə torpaq minalarla dolduruldu.
Bu təxribatlar bir tərəfdən işğalçı Ermənistanın destruktiv siyasətini ifşa edirdi, digər tərəfdən beynəlxalq hüququn fundamental prinsiplərinin açıq-aşkar pozulması kimi dəyərləndirilirdi. Əslində, Kəlbəcərin boşaldılması zamanı törədilən bu vandalizm aktları 30 illik işğalın mahiyyətini - təbiətin, iqtisadi potensialın və mədəni irsin məqsədli şəkildə məhv edilməsini - simvolizə etdi.
Bununla yanaşı, Azərbaycanın qətiyyətli mövqeyi nəticəsində Kəlbəcər bir güllə belə atılmadan geri qaytarıldı. Mürəkkəb dağlıq relyefə malik bölgənin hərbi əməliyyat yolu ilə azad olunması minlərlə itki bahasına başa gələ bilərdi. Lakin Prezident İlham Əliyevin uzaqgörən siyasəti, diplomatik məharəti və güclü siyasi iradəsi nəticəsində həm Kəlbəcər, həm də Laçın və Ağdam sülh yolu ilə Azərbaycan nəzarətinə keçdi. Bu, həm hərb, həm də diplomatiya meydanında tarixi qələbənin təcəssümü idi.
Kəlbəcərin boşaldılması zamanı törədilən təxribatların fonunda Azərbaycan dövləti öz strateji məqsədlərindən dönmədən bütün ərazilərdə suverenliyini bərpa etdi. Laçın dəhlizinin ləğvi, sərhəddə nəzarət-buraxılış məntəqələrinin qurulması, antiterror tədbirləri və separatçı rejimin tam kapitulyasiyası bu prosesin məntiqi davamı oldu.
Nəticə etibarilə, Kəlbəcərin azad olunması yalnız ərazi bütövlüyünün təminatı deyil, həm də düşmənin destruktiv siyasətinin ifşasıdır. Ermənistanın dağıdıcı addımlarına baxmayaraq, Azərbaycan dövlətinin ardıcıl və məqsədyönlü siyasəti nəticəsində bölgə həyatına yenidən qayıdır. İnfrastruktur layihələri, yaşayış kompleksləri və kənd təsərrüfatının bərpası ilə Kəlbəcər təkcə işğal zərbəsini aradan qaldırmır, həm də gələcək inkişafın simvoluna çevrilir. /bakivaxti.az/