Bakı daha bir Türk ölkəsini razı saldı – Xəzərlə bağlı böyük plan gerçəkləşir


“Avqustun 21-də Azərbaycan və Türkmənistan arasında ikitərəfli münasibətlərdə enerji və kommunikasiya sahəsində çox vacib görüş baş tutdu, mühüm qərarlar qəbul edildi. Həmçinin Azərbaycan, Türkmənistan və Özbəkistan liderlərinin iştirakı ilə Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi də keçirildi”.

Bu sözləri Globalinfo.az-a politoloq Zaur Məmmədov deyib.

Politoloq bildirib ki, Azərbaycan–Türkmənistan–Özbəkistan üçtərəfli formatı artıq yeni strateji əməkdaşlıq mərhələsinə qədəm qoyub:

“Birincisi, qeyd etmək lazımdır ki, bu format ikitərəfli münasibətlərdə ildırımsürətli inkişafın üçtərəfli və gələcəkdə dördtərəfli əməkdaşlığa keçdiyini göstərir. Liderlər Xəzər dənizi, Mərkəzi Asiya və Cənubi Qafqazı birləşdirən nəqliyyat-logistika marşrutlarının inkişafını prioritet elan ediblər. Tərəflər arasında iqtisadiyyat, ticarət, nəqliyyat, enerji və mədəni-humanitar əməkdaşlığı əhatə edən sənədlər imzalanıb. Xüsusilə, Xəzər dənizi üzərindən tranzit və yükdaşımaların artırılması, həmçinin yaşıl enerji və qaz resurslarının şaxələndirilməsi diqqət mərkəzində olub”.

Zaur Memmedov pol
Zaur Məmmədov

Politoloqun sözlərinə görə, imzalanan razılaşmalar üç ölkənin həm regional güc balansında mövqeyini möhkəmləndirir, həm də onların qaz və nəqliyyat şəbəkələrini birləşdirərək Çinə və Avropaya çıxışını asanlaşdırır:

“Beləliklə, Azərbaycan, Türkmənistan və Özbəkistan birlikdə həm Türk Dövlətləri Təşkilatı çərçivəsində, həm də beynəlxalq nəqliyyat dəhlizləri kontekstində əməli fəaliyyətə başlayırlar. Qeyd edim ki, bundan əvvəl Azərbaycan və Özbəkistan arasında nəqliyyat sahəsində razılaşmalar əldə edilmişdi. Lakin Özbəkistanın Avropaya çıxışı üçün Türkmənistan vacib həlqə idi.

Türkmənistan isə uzun müddət ehtiyatlı davranır, risk və imkanları qiymətləndirirdi. Görünən odur ki, məhz Azərbaycan tərəfi Türkmənistanı inandıra bildi. Nəticədə Prezident İlham Əliyev regional miqyasda daha bir diplomatik uğura imza ataraq Azərbaycanın siyasi və iqtisadi statusunu daha da möhkəmləndirmiş oldu”.


MANŞET XƏBƏRLƏRİ