Haqqı özünə, yaradıcılığı xalqa qaytarılan sənətkar


Aynur Turan

Zaman gələcək yazılmamış əsərlərimə, qaranlıq zindanıma xalqım da ağlayacaq. Tarixə, xalqa xeyir vermiş, vaxtından əvvəl itirilmiş günahsız, ləkəsiz zavallılar için nə qədər təəssüf ediləcək

Hüseyn Cavid

Hər bir xalqın ədəbiyyat tarixində elə şəxsiyyətlər olur ki, onların yaratdığı sənət möcüzələri əbədi olaraq qalır, neçə-neçə nəsillərin bədii zövqünü oxşayır. Azərbaycan ədəbiyyatı tarixi belə şəxsiyyətlərin adı və ədəbi irsi ilə sıx zəngindir. Onların hər birinin yaradıcılığı bir dünya olub, öz epoxasının həyatına güzgü tutmaqla həqiqətləri bizə çatdırır. Bunların içərisində görkəmli Azərbaycan şairi Hüseyn Cavidin xüsusi yeri vardır. Öz dəst-xətti ilə Azərbaycan ədəbiyyatında yeni mərhələnin, eləcə də mənzum dramın əsasını qoyan, sələf və xələflərinə bənzəməyən Hüseyn Cavid qəlbinin dediklərini yazan, ömrü boyu həqiqətin əsiri olan, ancaq gözəlliyə tapınan qeyri-adi bir mütəfəkkir idi. Faciəli ömrün qəmli dastanını yazan şair H.Cavidin söykəndiyi həqiqətin bir mənası olub: xalqını azad, xoşbəxt, millətini birlikdə, vətənini isə sivil dövlətlərin sırasında görmək. Bu həqiqəti tapmaq və ona qovuşmaq yolunda Cavid dövrünün sərt qadağaları, sədləri ilə üzbəüz dayanıb. Onun bədii düşüncəsi, yazıları sənət tariximizin əvəzsiz nümunələrindən biri idi. Həyat və yaradıcılığı, əsərləri və ədəbi mövqeyi ədəbiyyatşünaslıqda, bədii estetik fikir tarixində, dərslik, metodik vəsait və məqalələrdə geniş tədqiq olunan, öyrənilən böyük şəxsiyyət Cavid XX əsr Azərbaycan və dünya romantizmin görkəmli nümayəndəsi və gözəlliyi, həqiqəti dərk etdirən, yaşamaqla yanaşı yaşamağın sirlərini öyrədən dahilərlərlə bir sırada adıçəkilən, millətin tərəqqi və nicat yolunu sənəti və idrakı ilə dərk edən, çıxış yolunu göstərməyə çalışan sənətkarlardandır. Azərbaycan şeiri fəzasının nadir ulduzu Cavidin əsərləri qədər həyatında da insanların mənəvi tərbiyəsinə təsir göstərən amillərin olması da yüksək mənəviyyat xəzinəsidir, insanları haqqa, ədalətə, doğruluğa və ən əsası, ruhani yüksəkliyə aparan yolun istiqaməti kimi dəyərli və qiymətlidir. 1882-ci ildə Naxçıvanın indiki Kəngərli Rayonunun Şahtaxtı kəndində ruhani ailəsındə dünyaya göz açan dahi sənətkarımızın bu gün - dekabrın 5-də anım günüdür. Bu gün unudulmaz sözə sevdalı şair haqqında yetərincə fikirlər deyilib, məlumatlar verilib. Buna baxmayaraq biz də onun söz dəryasından damla alıb sizinlə bölüşmək istədik.

Onun sədası təkcə vətəndə deyil, dünyanın dörd bir yanına yayılaraq əzəmətli əks-səda vermişdir. Bu ölməz sənətkar haqqında tarixin müxtəlif dövrlərində görkəmli şəxsiyyətlərin söylədikləri fikirlər vardır:

Hüseyn Cavid Azərbaycan xalqını, onun mədəniyyətini, ədəbiyyatını, elmini yüksəklərə qaldıran böyük şəxsiyyətlərdən biridir.Onun yaradıcılığı və əsərləri Azərbaycan xalqının milli sərvətidir. Onlar bu gün üçün, gələcək nəsillər üçün dərslik kitabıdır. Hüseyn Cavidi Şərqin Şekspiri adlandırırlar. Ancaq onu bəlkə də Höte ilə müqayisə etmək düzgün olardı. Əsərlərindəki fəlsəfi fikirlərinə görə, ola bilsin Cavid Şekspirdən də yüksək səviyyəyə qalxmış adamdır. Xalqımız, tariximiz nə qədər yaşayacaqsa, Cavidin irsi də o qədər yaşayacaqdır. Yaratdığı əsərlər Azərbaycan xalqınının milli sərvətidir. Ulu öndər Heydər Əliyev.

Dahi sənətkar, ölməz söz zadəganı Cavid bu il 141 yaşındadır. Vaxtın fövqündən baxan mütəfəkkir yaşayır, çünki o, təkcə öz dövrünün deyil, bütün dövrlərin şairidir, öz dövründən bütün dövrlərə nur yayan günəşdir. Ədəbiyyatımızın sönməyən günəşi Cavid əfəndi. Bəli, Hüseyn Cavid Azərbaycan ədəbiyyatının söz və fikir zadəganıdır. Daxili ləyaqəti sənət idealına son dərəcə uyğunlaşmışdı. Bəlkə də bu sənət idealı onun daxili ləyaqətini illər, on illər boyu formalaşdırmışdı. “Gözəllik namına, sevqi namına” yazan böyük sənətkar öz sənət idealına xain çıxmadı, onu satmadı. Sovetlər Birliyində totalitarizmin dəhşətli dövründə Hüseyn Cavid sosializmin “nailiyyətlər” indən yazmağı özünə rəva bilməmiş, Stalini, Azərbaycan ağalarını mədh etməkdən qətiyyətlə boyun qaçırmışdır. Ona görə də bu mətin şəxsiyyət Sibir buzlaqlarına, Maqadana sürgün edilmiş və 5 dekabr 1941-ci ildə İrkutsk vilayətinin Tayşet rayonunun Şevçenko kəndində həlak olmuşdur. Bəli, keşməkeşli həyat qəhrəmanı Cavid də tikanlı məftilin cızıb “yaraladığı”, zəncirdən sallanmış açıq tunc kitaba adları həkk olunan yazıçılardandır. Günahsız müqəssirlərin adları yazılan o siyahıda onun da adı vardı. Stalin repressiyası qurbanı olan bir çox dahilərimiz kimi, Hüseyn Cavidin taleyi də məşəqqətli və əzablı bir tale olub. Amma o əyilməyib, sınmayıb, əqidəsindən dönməyib. Bu baxımdan müdrik Sokratla Cavidin taleləri arasında çox qəribə bir oxşarlıq var. Hər ikisinin insanlara yaşadıqları dövrün ədalətsizlik və eybəcərliklərindən, rəzilliklərindən qurtarmaq yollarını sözlə göstərmək arzuları onların həqiqi mənada şəhid olmalarına gətirib çıxardı.

Cavidin dilində söz aliləşdi,

Ali sözlər ilə dil aliləşdi.

Dilinin yolunda canından keçdi,

Dilin şəhidinə sayğılar sonsuz.

Vaqif Abbasov

1920-ci ildə Rusiya tərəfindən işğal olunduqdan sonra milli təfəkkürlü ziyalıların sıxışdırılması, təqib edilməsi başlandı. Bütün təqib və təzyiqlərə baxmayararaq, H.Cavid yaradıcılıq yolundan dönmək istəmirdi. Siyasi hadisələrin tüğyan etdiyi 20-30-cu illər sovet cəmiyyətində məsələ ağlasığmaz dərəcədə mürəkkəb idi. Köhnəni darmadağın dağıdıb, onun xarabalıqları üstündə quruculuq işləri aparan bolşeviklər ədəbiyyata özlərinin təbliğat və təşviqat vasitəsi kimi baxırdılar, onlar verdiklərini qonorar, vəzifə və imtiyazlar müqabiləndə yazıçılardan məhz bolşevizmi təbliğ edən alovlu əsərlər tələb edirdilər. Bunun acı nəticəsi 1937-ci ildə Cavid kommunist istibdadının qurbanı oldu, yəni Cavid repressiyanın ilk qurbanlarından birinə çevrildi. Əlbəttə, 1937-ci ilin qanlı hadisələri qəfildən baş vermədi. Əvvəl-əvvəl bu hadisələrə hazırlıq tədbirləri görüldü. Ən amansız sellərdən, ən dəhşətli qasırğalardan da betər olan həmin rejim - Stalin repressiyaları Azərbaycanın sayseçmə oğulları sırasında Cavid Əfəndini də beləcə apardı…

1937-ci il repressiyasına hazırlıq işlərinin görülməsində ədəbi tənqid xüsusi canfəşanlıq edir və mənfur rol oynayırdı. H.Cavidin sovet dövrünə qədərki əsərləri ağır mühakimə olunduğu kimi, 20-ci ildən sonra yazdıqları da ədəbi tənqidin kəskin hücumlarına məruz qalırdı. Cavid türk xalqlarının mənəvi birliyini diqqət mərkəzinə çəkməklə yalançı beynəlmiləlçiliyə qarşı çıxır, mövzularını müxtəlif xalqların həyatından almaqla yalançı vətənpərvərliyi rədd edir. İnanmaq çətindir amma həqiqət budur ki, həm millətçi, həm də xalq düşməni kimi ittiham olunsa da, H.Cavid dönmədən öz yolu ilə gedir və bu yol onu vaxtsız ölümə aparmış oldu.

İnqilabçı şair böyük Cavidin ölüm hökmünü İ.V.Stalin verdi: “Bu cənabları işçi sinfin düşmənləri kimi, vətənimizin xainləri kimi amansızcasına darmadağın etmək və onların kökünü kəsmək lazım gələcək”. İ.V.Stalinin sözünə M.Bağırov dərhal “bəli” cavabını verdi: “Bir baxın, Yazıçılar İttifaqında kimlər əyləşmişdir? Vətən xainləri H.Cavid, M.Müşfiq, Ə.Cavad və başqaları. M.Bağırovun qurultaydakı çıxışından dərhal sonra adları çəkilən yazıçılar, eləcə də Cavid həbs olundu. İrəli sürülən ittihamlar təsdiq olunsun deyə NKVD dustaqxanasında müxtəlif işgəncə üsullarından istifadə olunurdu: yuxusuz saxlamaq, xüsusi qurğulardan istifadə etməklə kameraya soyuq hava üfürmək, döşəməyə soyuq su buraxmaq, ailə üzvlərinin həbs olunacağı ilə hədələmək, gözlərinə güclü işıq salmaq və s. Bütün bu işgəncələrə baxmayaraq H.Cavid ona qarşı sürülən əsas ittihamları rədd etdi. O vaxt “günahı” nı boynuna alanları güllələyir, onarın ailə üzvlərini isə həbs edirdilər. Məsələn, Ə.Cavadı, S.Hüseyni güllələmiş, xanımlarını, uşaqlarını həbs etmişdilər. H.Cavid “günahı” larını boynuna almamaqla ailəsini həbs olunmaqdan xilas etdi. Cavid həbs edilərkən Sibirə göndərildi.

Amansız hökmün qurbanı

1941-ci ildə 63 yaşlı şair İrkutsk vilayətinin Şevçenko qəsəbəsindəki həbs düşərgəsində ayaqlarının donması səbəbindən vəfat etdi. H.Cavid 1956-cı ildə bəraət aldı, 1982-ci ildə şairin nəşi ümummilli lider Heydər Əliyevin təşəbbüsü, təşkilatçılığı və göstərişi ilə Sibirdən gətirilib Naxçıvanda dəfn olunmuşdur. 1996-cı ildə Naxçıvan şəhərində əzəmətli məqbərə ucaldıldı. Gələcəkdə adının etiramla anılacağına görə H.Cavid ona həqarət edib gülənlərin, onu alçaltmaq istəyənlərin qarşısında sınmadı və məğrur səsini ucaldıb dedi:

Mənə gülməkdəsiniz gərçi bu gün,

Var yarın sizlər üçün qorxulu gün.

O zaman iştə ölənlər dirilər,

Kim nə yapmışsa cəza çəkdirilər.

Onun həyatına belə amansızcasına son qoyulması xalqın daha bir düşünən beyninin aradan götürülməsi, Azərbaycan elminə atılan güllə demək idi... “Məhəbbətdir ən böyük din” deyən, məqsədi vətəninə, millətinə fədakarlıqla xidmət etməkdən ibarət olan görkəmli şair və dramaturq H.Cavid öz dəst-xətti ilə Azərbaycan ədəbiyyatında yeni mərhələnin əsasını, eləcə də mənzum dramın bünövrəsini qoymuşdur. Sələf və xələflərinə bənzəməyən Cavid ürəyi susdurulana qədər vicdanının dediklərini yazan və ömrü boyu həqiqətən əsiri olan, gözəlliyə tapınan bir mütəfəkkir idi. Cavid elə bir həqiqətin əsiri idi ki, o altun saraylara, daş zindanlara, vəhşi pəncərələrə, tikanlı məftillərə, dəmir qəfəslərə meydan oxuyurdu. Hüseyn Cavid elə bir həqiqətin aşiqi idi ki, qumral gözəllərə, sevdalı könüllər, parlaq sevgilərə, gülümsəyən günəşə öz misraları ilə ağ yelkənlər kimi qanad açırdı... Qızıl yarpaqları, çiskinli havası, tutqun günləri ilə fərqlənən oktyabr ayı payızın başladığından xəbər verir. Qəribədir ki, bu ayın ömründə müxtəlif tarixi məqamlar, ad günləri, mərasimlər, seçkilər və s. yaddaşa ədəbi iz salır. Adətən, oktyabra “Cavidlər ayı” da deyirlər. H. Cavid məhz oktyabrın 24-də Naxçıvanda Abdulla Rasızadə ailəsində anadan olmuşdur. Maraqlıdır ki, ailənin bütün üzvləri məhz bu ayda dünyaya gəliblər. Oktyabrın 2-si şairin qızı Turan xanımın, 22-si oğlu Ərtoğrolun doğum günüdür. Sözlərimi ədəbiyyatşünas, tənqidçi Əziz Şərifin fikirləri ilə tamamlaqmaq isütəyirəm: “ Hələ tarix Cavidə əl vurmayıbdır, şairimiz bir tərəfdə oturub əsərlərini yazır. Tarix isə qulaq asır və gözləyir. Şəksiz ki, tarix vaxtında onu sənət mühakiməsinə alacaq, təbiətin ona verdiyi qüdrət və istedadın hesabını istəyəcəkdir” .

Medianın İnkişafı Agentliyi — Vikipediya

Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

QEYD: Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunur


MANŞET XƏBƏRLƏRİ